Kürdəmir rayonunda ağacəkmə aksiyası keçirilib


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34 illiyi münasibətilə 21 noyabr 2026-cı il tarixdə Kürdəmir şəhərinin Bayraq Meydanı ərazisində ağacəkmə aksiyası keçirilib.
“İki sahil” xəbər verir ki, aksiyadan əvvəl xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıdığı parkda abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Aksiyada Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli, Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, şəhid anası Simuzər Bağıyeva, YAP Kürdəmir rayon təşkilatının, Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaşları, partiya veteranları, ərazi partiya təşkilat sədrləri, partiya fəalları iştirak ediblər.
Aksiya çərçivəsində eldar şamı ağacları əkilib. Yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.
Aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, rayon ərazisində yaşıllıqların genişləndirilməsinə və ekoloji tarazlığın daha da yaxşılaşdırılmasına kömək etməklə təbiətə töhfə verməkdir.
