Kremli sarsıdacaq HƏMLƏ: 50 ölkə birləşdi, Putinin "qış planı" ALT-ÜST OLUR


Böyük Britaniya Müdafiə Nazirliyi noyabrın 17-də yaydığı rəsmi açıqlama ilə Ukraynaya yeni hərbi yardım paketinin ayrılacağını elan edib.
Musavat.com xəbər verir ki, qərar Britaniyanın müdafiə naziri Ues Stritinq Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahında keçirilən Ukrayna Müdafiə Əlaqə Qrupunun iclasında açıqlanıb.
"Reuters"in məlumatına görə, Britaniya Ukraynanın Rusiya hava hücumlarına qarşı müdafiəsini gücləndirmək məqsədilə 1000-dən çox qısamənzilli HHM raketi və buraxılış sistemi göndərəcək.
Yeni hərbi dəstək xüsusilə qış aylarında Ukrayna şəhərlərini və kritik infrastrukturu hədəf alan hücumlara qarşı istifadə olunacaq.
Britaniya Müdafiə Nazirliyinin açıqlamasına görə, göndəriləcək hava hücumundan müdafiə sistemləri Rusiyanın Ukraynaya qarşı hücumlarında istifadə etdiyi İran istehsalı olan reaktiv mühərrikli "Şahid" pilotsuz uçuş aparatlarına qarşı daha əvvəl effektiv nəticə göstərib.
Raketlərin Birləşmiş Krallığın Belfast şəhərindəki "Thales" müəssisələrindən təmin ediləcəyi bildirilib.
Yardım paketinə, həmçinin Britaniya və Avropadan tədarük ediləcək 12-dən çox HHM radarı daxildir. Radarların Ukrayna ordusuna yaxınlaşan hava hücumlarını daha tez aşkar etməyə imkan yaradacağı hədəflənir.
Britaniyanın açıqladığı yeni HHM paketinin ümumi dəyəri 240 milyon funt sterlinq (təxminən 317 milyon dollar) olaraq hesablanıb.
Sözügedən dəstək İngiltərə hökumətinin büdcədə Ukraynanın qış aylarındakı təcili müdafiə ehtiyacları üçün ayırdığı 500 milyon funt sterlinqlik vəsaitin bir hissəsini təşkil edir.
Britaniya daha genişmiqyaslı hərbi yardım öhdəlikləri çərçivəsində Ukraynaya ümumilikdə 10 milyard funt sterlinqlik dəstək göstərməyi hədəfləyir.
Britaniya hökumətinin açıqlamasına görə, yeni raketlərin, qurğuların və radarların Ukraynaya çatdırılması dekabrın ortalarında başlayacaq. Britaniya qışdan əvvəl Ukraynaya artıq 400 ədəd "yer-hava" tipli raket göndərdiyini bildirib. Yeni tədarüklə Ukraynanın xüsusilə enerji obyektlərini, şəhərləri və strateji nöqtələri hədəf alan Rusiya hava hücumlarına qarşı müdafiə potensialının artırılması nəzərdə tutulur.
Britaniyanın müdafiə naziri Ues Stritinq NATO qərargahındakı toplantıda çıxışı zamanı Rusiya prezidenti Vladimir Putinə qarşı sərt ittihamlar səsləndirib.
Stritinq "Putin Ukraynada qışdan bir silah kimi istifadə edir" deyərək, Birləşmiş Krallığın Ukraynaya dəstəyinin real hərbi gücə çevrilməli olduğunu bildirib. Ukraynanın Rusiya hücumlarına qarşı müdafiəsini gücləndirməyə davam edəcəklərini vurğulayan nazir ölkəsinin lazım olduğu müddətcə Kiyev rəhbərliyinin yanında olacağını bəyan edib.
Yeni yardım qərarı NATO-nun Brüsseldəki qərargahında keçirilən Ukrayna Müdafiə Əlaqə Qrupunun 37-ci toplantısında elan edilib. İngiltərənin müdafiə naziri Ues Stritinq və Almaniyanın müdafiə naziri Boris Pistoriusun həmsədrliyi ilə keçirilən iclasda təxminən 50 ölkənin nümayəndələri Ukraynaya göstəriləcək hərbi dəstəyi müzakirə ediblər. Toplantıda hava hücumundan müdafiə sistemləri, sursat tədarükü və Ukraynanın qış aylarındakı hərbi ehtiyacları qiymətləndirilib.
Britaniya, İsveç və Ukrayna arasında həmin gün İsveç istehsalı olan "Gripen" döyüş təyyarələrinin Ukraynaya verilməsi ilə bağlı niyyət məktubu da imzalanıb.
Razılaşma qırıcıların təslim edilməsinə dair dəqiq təqvim ehtiva etmir. Lakin tərəflər Ukraynanın hava hücumundan müdafiə və döyüş təyyarələri potensialını gücləndirmək məqsədilə əməkdaşlığı davam etdirməyi planlaşdırırlar.
İngiltərənin yeni hərbi yardım qərarı Rusiyanın Ukraynanın enerji infrastrukturuna qarşı hücumlarını davam etdirdiyi bir dövrə təsadüf edir. "The Kyiv Independent" nəşrinin məlumatına görə, Rusiya hücumları səbəbindən Ukraynada irimiqyaslı elektrik kəsintiləri baş verib. Paytaxt Kiyev noyabrın əvvəlində müharibənin başlamasından bu yana ən ağır su kəsintilərindən biri ilə qarşılaşıb.
Ukrayna prezidenti Volodimir Zelenski də müttəfiqlərinə hava hücumundan müdafiə sistemlərinin çatdırılmasını gecikdirməmək çağırışı edib.
1 mənbə
