Könül Nurullayeva: “Vyetnamın Azərbaycanda səfirliyinin açılması əlaqələrə mühüm təkan verəcək”


Siyasət
20 Noyabr 2026, 18:02
230 baxış
“Azərbaycan üçün Vyetnam Cənub-Şərqi Asiyanın mühüm iqtisadi tərəfdaşlarından biri, Vyetnam üçün isə Azərbaycan Cənubi Qafqaz və daha geniş Avrasiya bazarlarına çıxış imkanları təqdim edən ölkədir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
K. Nurullayeva Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Vyetnam səfəri və iki ölkə arasındakı münasibətlərin inkişafından danışıb:
“Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri və noyabrın 20-də Hanoyda keçirdiyi yüksək səviyyəli görüşlər Azərbaycan–Vyetnam münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Tarixi dostluq ənənələrinə əsaslanan ikitərəfli əlaqələr bu gün siyasi dialoq, iqtisadi-ticari əməkdaşlıq, enerji, nəqliyyat-logistika, müdafiə sənayesi və humanitar sahələrdə konkret məzmun qazanır. Bu səfər Azərbaycanın Cənub-Şərqi Asiya istiqamətində mövqelərinin möhkəmləndirilməsi və Şərq siyasətinin coğrafiyasının genişləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Noyabrın 20-də Prezident İlham Əliyevin Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşündə də ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər müzakirə olunub. Rəsmi Hanoy Vyetnam xalqının milli azadlıq və birləşmə mübarizəsi dövründə Azərbaycan xalqının göstərdiyi dəstəyi yüksək qiymətləndirib. 2025-ci ilin mayında Vyetnam Prezidenti To Lamın Azərbaycana dövlət səfəri və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi əməkdaşlıq üçün çoxsaylı imkanlar açır. İki ölkənin hökumətləri əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verib və artıq ilkin müsbət nəticələr əldə olunub. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində də münasibətlərin tarixi və siyasi mahiyyətinə xüsusi diqqət yetirilib. Dövlət başçısı Azərbaycan–Vyetnam münasibətlərinin təxminən 70 illik tarixindən bəhs edərkən, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfərini bu dostluğun başlanğıc nöqtəsi kimi qeyd edib. İkitərəfli münasibətlərin inkişafında növbəti mühüm mərhələ 1983-cü ildə Heydər Əliyevin başçılıq etdiyi sovet nümayəndə heyətinin Vyetnama səfəri olub. Ümummilli Liderin təşəbbüsü ilə səfərin müddətinin səkkiz günə qədər uzadılması və ölkənin əsas regionlarını əhatə etməsi Vyetnamla əməkdaşlığa verilən əhəmiyyətin göstəricisi idi. Həmin səfər zamanı əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına təkan vermiş, gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirmişdi”.
Könül Nurullayeva bildirib ki, iki ölkə arasındakı münasibətlər müasir dövrdə də geniş inkişaf mərhələsi keçməkdədir:
“Münasibətlərin müasir mərhələsində əsas siyasi hadisə 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi oldu. Bu sənəd Bakı ilə Hanoy arasında münasibətlərin institusional və siyasi çərçivəsini genişləndirərək əməkdaşlığın yeni sahələrə çıxarılması üçün zəmin yaratdı. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan–Vyetnam əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənəddir. Sənədin əhəmiyyəti ondan ibarətdir ki, siyasi dialoq artıq konkret iqtisadi, enerji, investisiya, müdafiə və texnoloji əməkdaşlıq istiqamətləri ilə tamamlanır. Tərəflər iqtisadi əməkdaşlıqda hələ istifadə edilməmiş potensialın olduğunu düşünür. Eyni zamanda həm Bakı, həm də rəsmi Hanoy strateji tərəfdaşlığın birgə layihələrlə möhkəmləndirilməsində maraqlıdırlar. Prezident İlham Əliyev bu gün keçirilən rəsmi görüşlərdə də Azərbaycan və Vyetnam arasında münasibətlərin tarixən yüksək həmrəylik və dostluq üzərində qurulduğunu vurğulayıb. Dövlət başçısı 2020-ci ildə Azərbaycanın azadlıq müharibəsi zamanı Vyetnam hökumətinin və xalqının, o cümlədən BMT Təhlükəsizlik Şurası çərçivəsində ölkəmizə göstərdiyi dəstəyi xatırladıb. Görüşün diqqətəlayiq nəticələrindən biri də Vyetnamın Azərbaycanda səfirliyinin yaxın zamanda açılacağının elan edilməsi olub. Prezident İlham Əliyev bu qərarı yüksək qiymətləndirərək, Azərbaycanın Vyetnamdakı səfirliyinin artıq uzun müddətdir fəaliyyət göstərdiyini və hər iki ölkədə diplomatik nümayəndəliklərin tam fəaliyyətinin əlaqələrin inkişafına mühüm təkan verəcəyini bildirib”.
Deputat qeyd edib ki, Azərbaycan və Vyetnam arasındakı ən böyük əməkdaşlıq mənbəyi neft sektorudur:
“Hanoyda Baş nazir Le Minh Hunqla görüşdə enerji sahəsində əməkdaşlıq da xüsusi müzakirə mövzusu olub. Vyetnamın Baş naziri vaxtilə vyetnamlı mütəxəssislərin Azərbaycanda neft sənayesi üzrə təlim keçdiklərini və onların ölkəsinin inkişafında mühüm rol oynamaqda davam etdiklərini xatırladıb. Bu fakt Azərbaycan–Vyetnam enerji əməkdaşlığının tarixi əsaslarının dərinliyini göstərir. Ümumiyyətlə, Azərbaycan üçün Vyetnam Cənub-Şərqi Asiyanın mühüm iqtisadi tərəfdaşlarından biri, Vyetnam üçün isə Azərbaycan Cənubi Qafqaz və daha geniş Avrasiya bazarlarına çıxış imkanları təqdim edən ölkədir. Beləliklə, Bakı ilə Hanoy arasında münasibətlərin yeni mərhələsi Azərbaycanın Şərqə doğru genişlənən xarici siyasətinin, Avrasiya məkanında artan nəqliyyat-logistika imkanlarının və yeni iqtisadi əməkdaşlıq coğrafiyasının mühüm təzahürüdür”.
Nurlan Cəfəri