Danimarkada ukraynalı reperə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb


Danimarka hüquq-mühafizə orqanları ukraynalı reper Kyivstonerə (Albert Vasilyev) qarşı sui-qəsd cəhdinin qarşısını alıb. Müstəntiqlərin ehtimalına görə, sənətçinin qətli Rusiya kəşfiyyat orqanları tərəfindən sifariş edilmiş ola bilər.
Zefer.media UA.News-ə istinadən xəbər verir ki, polis cinayət planlaşdırmaqda şübhəli bilinən iki Danimarka vətəndaşını həbs edib. Onlar Gellerup rayonunda avtomobildə saxlanılıb. Avtomobildə bir neçə silah aşkarlanıb. Daha iki nəfər də həbs edilsə də, onlara hücum planlaşdırmaqla bağlı ittiham irəli sürülməyib. Əsas şübhəlilər isə hər hansı qanun pozuntusunu inkar edirlər.
Danimarkanın DR telekanalının məlumatına görə, parlamentdə təmsil olunan partiyaların liderləri Ədliyyə Nazirliyində işlə bağlı qapalı brifinqdə iştirak ediblər. Polis Kəşfiyyat Xidmətinin (PET) rəhbəri Rasmus Kieffer-Christiansen və Milli Polisin rəisi Lasse Boenin Rusiya ilə bağlı təhlükə vəziyyətindəki son dəyişikliklər barədə açıqlama verməsi gözlənilir.
Kyivstonerin sentyabrın 25-də Şarlottenlundda keçirilməsi planlaşdırılan konserti ləğv edilib. Musiqiçi “Instagram” hesabında tədbirin təhlükəsizlik xidmətlərinin müdaxiləsi səbəbindən baş tutmayacağını bildirib.
Aytən Yalçınqızı
