Konstitusiya Məhkəməsinin əməkdaşları üçün data analitika mövzusunda növbəti təlim


Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin əməkdaşları üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) tərəfindən keçirilən “Dövlət idarəçiliyində rəqəmsal transformasiya” adlı təlim proqramı çərçivəsində növbəti tədbir təşkil olunub.
DİA-dan AZƏRTAC-a bildirilib ki, təlimdə İntellektual sistemlərin idarə olunması kafedrasının dosenti Gülnar Mirzəyeva “Dövlət idarəçiliyində data analitikanın rolu” mövzusunda təqdimatla çıxış edib.
Təqdimat çərçivəsində müasir dövlət idarəçiliyində data analitikanın funksional əhəmiyyəti, məlumatların sistemləşdirilməsi, emalı və təhlilinin idarəetmə proseslərinin səmərəliliyinə təsiri nəzəri və praktiki aspektlərdən şərh olunub. Bu kontekstdə “Microsoft Excel” proqramının məlumatların idarə edilməsi və analitik emalı sahəsində imkanları, məlumatların strukturlaşdırılması, təmizlənməsi və standartlaşdırılması, habelə çeşidləmə, filtrləmə və şərti formatlaşdırma alətlərinin tətbiqi məsələləri nəzərdən keçirilib.
Təlim zamanı məlumatların analitik emalında istifadə olunan məntiqi, statistik və şərtli hesablama funksiyalarının tətbiqi, məlumatların vizuallaşdırılması, analitik hesabatların hazırlanması və nəticələrin sistemli şəkildə təqdim edilməsi metodları izah olunub. Xüsusilə “Pivot Table” və “Pivot Chart” alətləri vasitəsilə məlumatların ümumiləşdirilməsi, müqayisəli təhlilinin aparılması və idarəetmə qərarlarının hazırlanması üçün zəruri analitik informasiyanın əldə edilməsi imkanları nümayiş etdirilib.
Bununla yanaşı, interaktiv idarəetmə panellərinin hazırlanması, müxtəlif məlumat mənbələrinin vahid analitik müstəvidə təqdim edilməsi və məlumatların vizual təhlili məsələlərinə diqqət yetirilib. Praktiki tapşırıqlar vasitəsilə iştirakçıların müvafiq funksional alətlərdən istifadə bacarıqlarının möhkəmləndirilməsi və analitik yanaşmanın tətbiqi imkanlarının genişləndirilməsi hədəflənib.
Təlim sessiyası dövlət və məhkəmə idarəçiliyində məlumatəsaslı qərarvermə yanaşmasının təşviqi, analitik hesabatlılıq imkanlarının inkişaf etdirilməsi, məlumatların emalı və vizuallaşdırılması üzrə praktiki səriştələrin formalaşdırılması baxımından əhəmiyyət kəsb edib.
Təlim proqramı bir ay ərzində, həftədə iki dəfə olmaqla əyani formada keçirilir və dekabrın 8-dək davam edəcək. Proqramın yekununda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.
1 mənbə
