KNDS 30 mm-lik topa malik FENNEK AIR PUA əleyhinə sistemini təqdim edəcək


“KNDS Deutschland” şirkəti FENNEK zirehli maşını bazasında hazırlanan, 30 mm-lik top və PUA-ları aşkarlamaq və məhv etmək üçün süni zəka sistemi ilə təchiz edilmiş FENNEK AIR hava hücumundan müdafiə sisteminin prototipini təqdim edəcək.
Ordu.az xəbər verir ki, bu barədə şirkət “Militarnyi” nəşrinə məlumat verib.
Prototip Rotterdamda keçiriləcək NIDV “Defence & Security” (NEDS) sərgisində ilk dəfə nümayiş etdiriləcək.
FENNEK AIR adı “Artificial Intelligence Revolvergun” ifadəsinin qısaldılmış formasıdır. Sistem müxtəlif növ insansız sistemlərə qarşı mübarizə aparmaq üçün nəzərdə tutulan təbəqəli PUA əleyhinə müdafiə konsepsiyasının bir hissəsi kimi hazırlanır.
Sistemin əsas komponentlərindən biri inteqrasiya edilmiş süni zəka sistemidir. Ekipajın seçdiyi avtomatlaşdırma səviyyəsindən asılı olaraq, bu sistem bir neçə sensordan real vaxt rejimində məlumatları emal edir, hədəfləri aşkarlayır və izləyir, həmçinin operatora onların nişanalma prioritetlərini müəyyənləşdirməyə kömək edir.
KNDS şirkətinin məlumatına görə, məlumatların avtomatlaşdırılmış emalı hədəfin aşkarlanması ilə atəşin açılması arasındakı müddəti cəmi bir neçə saniyəyə endirir.
Bu, eyni vaxtda çoxsaylı PUA-ların meydana çıxması zamanı ekipajın iş yükünü azaltmaq məqsədi daşıyır.
Ayrı-ayrı maşınlar şəbəkə vasitəsilə məlumat mübadiləsi aparmaq imkanına malik olacaq.
Bu o deməkdir ki, bir FENNEK AIR maşınının sensorlarından əldə edilən məlumatlar sistemdəki digər maşınlar tərəfindən də istifadə oluna bilər. Nəticədə bütün maşınlar hava şəraiti və mövcud hədəflər barədə ümumi təsəvvür formalaşdıra biləcək.
KNDS həmçinin proqram təminatının qapalı sistemdə işləyəcəyini bildirir. Bu, müştərinin həm proqram təminatı, həm də məlumatlar üzərində nəzarəti özündə saxlamasına imkan verəcək.
PUA-lara birbaşa atəş açmaq üçün prototip “KNDS France” şirkətinin istehsalı olan ARX30 uzaqdan idarə olunan döyüş modulu ilə təchiz edilib. Modul 30×113 mm-lik sursatlardan istifadə edən 30 mm-lik avtomatik topa malikdir və PUA əleyhinə tapşırıqlara uyğunlaşdırılıb.
Prototip, həmçinin süni zəka sistemi və döyüş modulu ilə əlaqələndirilmiş adaptiv kamuflyaj sistemi ilə təchiz olunub.
Şirkətin məlumatına görə, adaptiv kamuflyaj maşının aşkarlanmasını çətinləşdirmək və PUA əleyhinə müdafiəyə ehtiyacı olan obyektlərin yaxınlığında fəaliyyət göstərərkən onun sağqalma qabiliyyətini artırmaq məqsədi daşıyır.
“PUA hücumlarından kritik infrastrukturun qorunması milli təhlükəsizliyin əsas məsələlərindən birinə çevrilib”, - deyə “KNDS Deutschland” şirkətinin təkərli zirehli maşınlar üzrə baş vitse-prezidenti Frank Şnur bildirib.
Şnurun sözlərinə görə, FENNEK AIR proqram təminatı və süni zəka alqoritmlərinin yenilənməsi vasitəsilə yeni PUA növlərinə uyğunlaşa bilən çevik PUA əleyhinə sistem kimi hazırlanır.
Sistem ilkin olaraq kəşfiyyat və müşahidə tapşırıqları üçün hazırlanmış FENNEK zirehli kəşfiyyat maşını bazasında yaradılıb.
KNDS şirkətinin press-relizində bildirilib ki, yeni AIR PUA əleyhinə komplekt yalnız mövcud FENNEK maşınlarına deyil, digər platformalara da quraşdırıla bilər.
Buna görə də şirkət FENNEK AIR sistemini yalnız ayrıca hava hücumundan müdafiə maşını kimi deyil, həm də modul PUA əleyhinə komplektin nümayiş platforması kimi nəzərdən keçirir.
Sevinc Əliyeva Ordu.az
