KİV: Paşinyan yalan danışır, Ermənistanın dörd rəhbərinin hakimiyyəti dövründə dövlət borcu nə qədər olub?


“Nikol Paşinyan parlamentin tribunasından növbəti dəfə, özü də bu dəfə Ermənistanın dövlət borcu ilə bağlı özündən əvvəlki dövrlərə dair həqiqətə uyğun olmayan açıqlama verib”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Yerevan Today” nəşri “Paşinyan yalan danışır: Ermənistanın dörd rəhbərinin hakimiyyəti dövründə dövlət borcu nə qədər olub?” başlıqlı məqaləsində yazıb.
Nəşrin məlumatına görə, Nikol Paşinyan parlamentdə çıxışı zamanı 2018-ci ildən etibarən Ermənistanın dövlət borcunun iki dəfə artması ilə bağlı tənqidlərə cavab verərkən, əvvəlki prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın hakimiyyəti dövründə borcun müvafiq olaraq 6,6 və 5,8 dəfə artdığını iddia edib.
“Paşinyan, xüsusilə, belə deyib: “Bizi 2018-ci ildən Ermənistanın dövlət borcunun iki dəfə artmasında ittiham edirlər. Bunu hakimiyyətdə olduqları dövrdə¸Robert Köçəryan və Serj Sarkisyanın prezidentliyi zamanı Ermənistanın dövlət borcunun 6,6 və 5,8 dəfə artdığı iki parlament fraksiyası edir. Yəni Robert Köçəryanın hakimiyyəti dövründə xarici borc da daxil olmaqla dövlət borcu 6,6 dəfə, Serj Sarkisyanın hakimiyyəti dövründə isə 5,8 dəfə artıb””, - deyə nəşr Paşinyanın sözlərini sitat gətirib.
“Yerevan Today” bildirib ki, Ermənistanın dövlət borcu ilə bağlı rəqəmlərə dəfələrlə müraciət edib və dörd prezidentin hakimiyyəti dövründə borcun səviyyəsini müqayisə edib.
Nəşrin təqdim etdiyi məlumatlara görə, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın vəzifədən getməsindən əvvəl, 1997-ci ilin sonunda dövlət borcu 768 milyon dollar təşkil edib. Bu məbləğ ölkənin ümumi daxili məhsulunun 46 faizinə bərabər olub.
“Ermənistanın ikinci prezidenti Robert Köçəryanın vəzifədən getməsindən əvvəl, 2007-ci ilin sonunda dövlət borcu 1 milyard 697 milyon dollara çatıb. Həmin dövrdə borcun ÜDM-də payı 18 faiz olub.
Üçüncü prezident Serj Sarkisyanın vəzifədən getməsindən əvvəl, 2017-ci ilin sonunda Ermənistanın dövlət borcu 6 milyard 775 milyon dollar təşkil edib. Bu, ÜDM-in 58,9 faizi olub”, - deyə məqalədə qeyd edilib.
Nəşrin məlumatına əsasən, Nikol Paşinyanın hakimiyyəti dövründə, 2026-cı il sentyabrın 30-na olan vəziyyətə görə, Ermənistanın dövlət borcu 14 milyard 330 milyon dollara yüksəlib. Bu məbləğ ölkənin ÜDM-nin 43,6 faizinə bərabərdir.
Müəllif əvvəlki prezidentlərin dövründə borcun artımına dair Paşinyanın səsləndirdiyi rəqəmlərin düzgün olmadığını iddia edərək müqayisəli hesablamalar təqdim edib.
“Robert Köçəryanın hakimiyyəti dövründə Levon Ter-Petrosyanın prezidentliyi ilə müqayisədə dövlət borcu Nikol Paşinyanın dediyi kimi 6,6 dəfə deyil, təxminən 2,2 dəfə, yaxud 121 faiz artıb. Serj Sarkisyanın hakimiyyəti dövründə isə Robert Köçəryanın prezidentliyi ilə müqayisədə borc 5,8 dəfə deyil, təxminən 4 dəfə, yəni 299 faiz yüksəlib. Paşinyanın öz hakimiyyəti dövründə isə Serj Sarkisyanın prezidentliyi ilə müqayisədə dövlət borcu təxminən 2,1 dəfə, yaxud 111,5 faiz artıb”, - deyə nəşr yazıb.
“Yerevan Today” bununla yanaşı, borcun ümumi məbləğinə diqqət çəkərək əvvəlki prezidentlərin dövründəki artımla Paşinyanın hakimiyyəti dövründəki artım arasında fərq olduğunu vurğulayıb.
“Lakin qeyd etmək lazımdır ki, Robert Köçəryanın hakimiyyəti dövründə dövlət borcu 2,2 dəfə artsa da, nəticədə cəmi 1,7 milyard dollar təşkil edib. Nikol Paşinyanın hakimiyyəti dövründə isə dövlət borcu 14 milyard 330 milyon dollara çatıb”, - deyə nəşr qeyd edib.
Məqalənin sonunda bildirilib ki, Ermənistan hökuməti noyabrın 19-da keçirilən iclasında ümumi dəyəri təxminən 270 milyon avro olan iki yeni kredit sazişinə razılıq verib.
Alpər Mövludoğlu Ordu.az

Cənub Media+1 mənbə