Kibertəhlükəsizliklə bağlı yeni anlayışlar qanunvericiliyə daxil edilib


"Azərbaycan BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını ratifikasiya edib".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan rəqəmsal məkanın sülh, əməkdaşlıq və iqtisadi tərəqqi zonası olaraq qalmasının tərəfdarıdır. Z.Əsgərov deyib ki, əsas məqsəd rəqabət mühitinə çevrilən rəqəmsal məkanda diplomatiyanın sabitliyə, təhlükəsizliyə və qarşılıqlı etimada töhfə verməsinə dair vahid baxış formalaşdırmaqdır.
MM sədrinin müavini qeyd edib ki, hazırda parlament tərəfindən kibertəhlükəsizlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülür.
O xatırladıb ki, Azərbaycan cari ilin fevralında Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyasını ratifikasiya edib.
Dediyinə görə, konvensiya informasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə, eləcə də ağır cinayətlərə aid sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Z.Əsgərov bildirib ki, konvensiyanın ratifikasiyası Azərbaycanın kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq hüquqi çərçivəsini regional səviyyədən qlobal səviyyəyə yüksəldib.
O əlavə edib ki, cari il ərzində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişikliklər edilib və həmin dəyişikliklər Prezidentin müvafiq fərmanı ilə təsdiqlənib.
Dəyişikliklərə əsasən, qanunvericilikdə dövlət və milli kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri, informasiya infrastrukturu, kibertəhlükəsizlik, proaktiv kibertəhlükəsizlik tədqiqatı və kibergigiyena kimi anlayışlar müəyyənləşdirilib.
Zeynəb Rzayeva
1 mənbə