Kanalizasiya quyularının qapaqları niyə dairəvi formada hazırlanır?


Küçələrdə tez-tez rast gəldiyimiz kanalizasiya quyularının qapaqlarının dairəvi formada olması təsadüfi seçim deyil. Bu konstruksiyanın arxasında həm həndəsi qanunlar, həm də təhlükəsizlik və praktik istifadə ilə bağlı mühüm səbəblər dayanır.
HİT.az xəbər verir ki, Ukraynanın UNIAN nəşri bu xüsusiyyətin riyazi izahını təqdim edib.
Riyaziyyat müəllimi Laura Qomesin sözlərinə görə, dairəvi qapaqların əsas üstünlüyü onların quyu boşluğuna düşmə ehtimalının olmamasıdır. O, bu xüsusiyyəti sadə şəkildə belə izah edib: dairə elə yeganə həndəsi fiqurdur ki, öz formasına uyğun dəlikdən içəri düşə bilmir.
Bunun səbəbi dairənin diametrinin hansı istiqamətə çevrilməsindən asılı olmayaraq dəyişməməsidir. Ölçüləri uyğun seçildikdə dairəvi qapaq quyuya düşmür. Kvadrat, düzbucaqlı və ya üçbucaq formalı qapaqlar isə müəyyən vəziyyətdə çevrildikdə kənarları və ya bucaqları vasitəsilə boşluğa düşə bilər.
Lakin dairəvi formanın seçilməsinin yeganə səbəbi təhlükəsizlik deyil. Bu cür qapaqları daşımaq da daha asandır. Adətən çuqun kimi ağır materiallardan hazırlanan qapaqları qaldırmadan, yuvarlamaqla bir yerdən başqa yerə aparmaq mümkündür.
Digər mühüm üstünlük isə davamlılıqdır. Dairəvi konstruksiya üzərinə düşən yükün daha bərabər paylanmasına imkan verir. Bu xüsusiyyət xüsusilə avtomobillərin intensiv hərəkət etdiyi küçələrdə və ətraf torpağın təzyiqinə məruz qalan kanalizasiya sistemlərində əhəmiyyətlidir. Beləliklə, qapaq yüksək təzyiqə davam gətirir, yükün ayrı-ayrı künclərdə cəmləşməsi riski azalır.
Bundan başqa, dairəvi qapaqların quraşdırılması da daha rahatdır. Onların quyuya yerləşdirilməsi üçün xüsusi istiqamət seçməyə ehtiyac yoxdur. Kvadrat və üçbucaq formalı konstruksiyalarda isə tərəflərin və bucaqların dəqiq uyğunlaşdırılması tələb olunur.
Beləliklə, şəhər infrastrukturunda adi görünən dairəvi kanalizasiya qapaqları əslində həndəsənin, mühəndislik hesablamalarının və təhlükəsizlik prinsiplərinin birləşdiyi praktik həll hesab olunur.
Samir
