Java proqramlaşdırma dilində ciddi təhlükəsizlik boşluğu aşkarlanıb


Java proqramlaşdırma dilində aşkarlanan ciddi təhlükəsizlik boşluğu ilə bağlı ABŞ və Cənubi Koreyanın qurumları istifadəçilərə təcili yeniləmələr quraşdırmağı tövsiyə edib.
Plat.az-ın “Reuters”ə istinadla məlumatına görə, problem hakerlərə müəyyən sistemlərdə uzaqdan kod icra etmək və ya həmin sistemlərin fəaliyyətini dayandırmaq imkanı yarada bilər.
Cənubi Koreyanın Elm və İKT Nazirliyi, eləcə də Koreya İnternet və Təhlükəsizlik Agentliyi dövlət qurumlarını və özəl şirkətləri təhlükəsizlik yeniləmələrini gecikdirmədən quraşdırmağa çağırıb.
Məlumata əsasən, Java geniş istifadə olunan proqramlaşdırma dillərindən biridir və dövlət qurumları, maliyyə təşkilatları, şirkətlər və digər vacib informasiya sistemlərində tətbiq edilir.
ABŞ-ın Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi də müvafiq təhlükəsizlik xəbərdarlığı yayıb. Oracle şirkəti isə noyabrın 17-də Java Development Kit üçün boşluğu aradan qaldıran yeniləmə təqdim edib.
Mütəxəssislər təşkilatlara proqram təminatlarını yeniləməyi və informasiya sistemlərinin təhlükəsizliyini yoxlamağı tövsiyə edirlər.