İtaliyanın xarici işlər naziri Antonio Tajani Bakıya rəsmi səfərə gəlib


İtaliyanın xarici işlər naziri Antonio Tajani Azərbaycana gəlib.
Xitab24.az xəbər verir ki, bu barədə İtaliya XİN məlumat yayıb.
Bildirilib ki, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani bu gün və sabah bir sıra yüksək səviyyəli rəsmi görüşlər keçirmək və Azərbaycan-İtaliya Biznes Forumunda iştirak etmək məqsədilə Bakıda olacaq.
Səfər ötən ilin oktyabrında İtaliya Prezidenti Sercio Mattarellanın, bu ilin may ayında isə Baş nazir Corcia Meloninin Azərbaycana səfərlərindən sonra həyata keçirilir. Bu, İtaliyanın Cənubi Qafqazın əsas aktorlarından biri, enerji təhlükəsizliyi sahəsində strateji və etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlığı gücləndirmək əzmini bir daha təsdiqləyir. Xüsusilə Hörmüz boğazındakı böhranın beynəlxalq bazarlara ciddi təsirləri fonunda bu tərəfdaşlığın əhəmiyyəti artır.
Səfər çərçivəsində Antonio Tajani Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Danışıqlarda iki ölkə arasında siyasi əlaqələrin gücləndirilməsi, Cənubi Qafqazda sülh və iqtisadi inkişaf perspektivləri, o cümlədən Azərbaycan və Ermənistan arasında davam edən normallaşma prosesi, eləcə də mühüm beynəlxalq hadisələr müzakirə olunacaq.
Səfərin əhəmiyyətli hissəsi iqtisadi diplomatiyaya həsr ediləcək. Bu çərçivədə İtaliya xarici işlər nazirinin iqtisadiyyat naziri Mikayıl Cabbarovla ikitərəfli görüşü keçiriləcək. Hər iki nazir Azərbaycan-İtaliya Biznes Forumunda da iştirak edəcək.
Forumda İtaliya və Azərbaycan şirkətlərinin, eləcə də biznes assosiasiyalarının 240-dan çox nümayəndəsinin iştirakı gözlənilir. Əsas prioritetlərdən biri İtaliya şirkətlərinin Azərbaycanda həyata keçirilən iri infrastruktur investisiya layihələrinə cəlb olunmasının gücləndirilməsidir.
Enerji əməkdaşlığı ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri olaraq qalır. Azərbaycan İtaliyanın ikinci ən böyük neft, üçüncü ən böyük təbii qaz təchizatçısıdır.
Bundan əlavə, qabaqcıl istehsal, rəqəmsal texnologiyalar, bərpaolunan enerji və kritik xammal sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar mövcuddur. Bu çərçivədə üçüncü ölkələrdə əməkdaşlığa dair Niyyət Bəyannaməsinin imzalanması gözlənilir.
Dərc vaxtına görə
Xitab24.azoxuduğunuz
İtaliyanın xarici işlər naziri Antonio Tajani Bakıya rəsmi səfərə gəlib
