İtaliya hökuməti pensiyalar və səhiyyə ilə bağlı yeni qərarlar hazırlayır


İtaliya hökuməti dövlət büdcəsinə dəyişikliklər çərçivəsində pensiyaların artırılması, səhiyyənin maliyyələşdirilməsi və təhsil sahəsinə ayrılan vəsaitləri prioritet istiqamətlər kimi müəyyənləşdirib.
Xitab24.az ANSA agentliyinə istinadən xəbər verir ki, bu barədə Baş nazir Corcia Meloninin təşəbbüsü ilə keçirilən hakim koalisiya iclasından sonra məlumat verilib.
Videokonfrans formatında təşkil olunan görüşdə Baş nazirin müavinləri Antonio Tayani və Matteo Salvini, iqtisadiyyat naziri Cankarlo Corcetti, həmçinin hakim koalisiyanın digər nümayəndələri iştirak ediblər.
Müzakirələr zamanı pensiyaların uyğunlaşdırılması, səhiyyə fondunun maliyyələşdirilməsi, məktəblərə və təhlükəsizlik sektoruna ayrılan vəsaitlərin artırılması məsələlərinə xüsusi diqqət yetirilib.
Hakim koalisiya nümayəndələri büdcə dəyişikliklərinin dövlət maliyyəsinin sabitliyini qorumaq şərtilə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
İclas parlamentdə büdcə layihəsinə düzəlişlərin təqdim edilməsi üçün müəyyənləşdirilən müddətin başa çatması ərəfəsində keçirilib.
Hökumət nümayəndələri büdcə layihəsinin parlamentdə müzakirəsi zamanı vahid mövqedən çıxış etmək niyyətində olduqlarını bildiriblər.
1 mənbə