İstirahət günlərindən sonra yorğunluğun səbəbi nədir? - Nevroloq AÇIQLADI


Həftəsonu yuxu rejiminin dəyişməsi və həftə ərzində yığılan yorğunluq bazar ertəsi enerji çatışmazlığına səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Medin Tibb Mərkəzinin nevroloqu Olqa Butenko lenta.ru-ya müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, problemin əsas səbəblərindən biri həftəsonları yuxu rejiminin dəyişməsidir. Belə ki, insan həftə içi səhər saat 6-7-də oyanır, həftəsonu isə gec yatır və günortaya qədər yatarsa, bioloji saatının bu dəyişikliyə uyğunlaşması çətinləşir.
Butenko bildirib ki, bu hal bazar axşamı vaxtında yuxuya getməyə mane olur. Nəticədə insan bazar ertəsi yenidən erkən oyanmalı olur və iş həftəsinə yuxu çatışmazlığı ilə başlayır.
Nevroloq qeyd edib ki, bu, ağır iş həftəsindən sonra əlavə yatmaqdan imtina etmək demək deyil. Lakin hər həftəsonu daha çox yatmağa ehtiyac duyan insanlar iş günlərindəki yuxu rejimlərinə yenidən baxmalıdırlar.
Həkim həftəsonundan sonra yorğunluğun digər səbəbi kimi həftə ərzində yığılan fiziki və zehni yorğunluğu göstərib. Onun sözlərinə görə, insan az yatır və uzun saatlar işləyirsə, iki günlük istirahət enerji toplamaq üçün kifayət etməyə bilər.
Mütəxəssis əlavə edib ki, əlavə yuxu insanın özünü daha yaxşı hiss etməsinə kömək etsə də, müntəzəm yuxu çatışmazlığını tam kompensasiya edə bilməz.
Aytəkin TOFİQQIZI
1 mənbə
