İsrail Britaniyanın tətbiq etdiyi sanksiyalara qarşı hansı cavab tədbirlərini hazırlayır? - Baku TV


İsrail Böyük Britaniyanın İordan çayının Qərb sahilində yəhudi yaşayış məskənlərinin inşasını dəstəkləyən təşkilatlara qarşı sanksiyaları ilə əlaqədar cavab tədbirləri görəcək.
"The Times of Israel" nəşri xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bildirib.
Onun sözlərinə görə, Təl-Əviv Londonun tətbiq etdiyi məhdudiyyətləri qanuna tabe olan özəl şirkətlərə qarşı "düşmənçilik aktı" kimi qiymətləndirir və kənar təzyiqlər altında öz siyasətini dəyişmək niyyətində deyil.
"İsrail Britaniya hökumətinin hərəkətlərinə əks-tədbirlərlə cavab verəcək. Hazırda mümkün cavab addımlarının geniş spektri nəzərdən keçirilir", – deyə Saar qeyd edib.
O həmçinin vurğulayıb ki, İsrail yəhudi yaşayış məskənlərinin möhkəmləndirilməsinin yeni yollarını öyrənəcək.
Xatırladaq ki, noyabrın 17-də Böyük Britaniya yaşayış məskənlərinin inşası ilə əlaqəli 8 İsrail təşkilatına, eləcə də Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olan "Tzav 9" hərəkatına qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlər onların Birləşmiş Krallıqdakı bank hesablarının dondurulmasını nəzərdə tutur.
