İrəvandan Moskvaya "sadiqlik" mesajı: Ermənistan Avrasiya İttifaqından çıxmayacaq


Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü Avropa İttifaqına (Aİ) daxil olmaqla əvəz etmək niyyətində deyil.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan parlamentdə jurnalistlər üçün keçirdiyi brifinqdə bəyan edib. Nazir rəsmi İrəvanın bu iki iqtisadi bloku heç vaxt bir-birinə qarşı qoymadığını vurğulayaraq, əsas hədəflərinin 2027-ci ildə həm Aİİ və Aİ bazarlarına, həm də Çin, ABŞ, Hindistan və Yaxın Şərq ölkələrinə ixracın həcmini artırmaq olduğunu bildirib:
"Biz heç vaxt məsələni bu istiqamətləri qarşı-qarşıya qoymaq şəklində gündəmə gətirməmişik. Kim deyib ki, biz Aİİ-ni Avropa İttifaqı ilə əvəz etmək istəyirik? Biz bu ölkələrə daha çox məhsul satmaq istəyirik".
Papoyan həmçinin İrəvanın Rusiya ilə həm iqtisadi, həm də siyasi müstəvidə münasibətləri ən yüksək səviyyədə saxlamaq üçün maksimum səy göstərdiyini diqqətə çatdırıb.
Xatırladaq ki, bundan əvvəl baş nazir Nikol Paşinyan Ermənistanın 2027–2028-ci illərdə Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciət edə biləcəyini istisna etməmiş, lakin Moskva eyni vaxtda iki ittifaqda təmsil olunmağın gömrük və ticarət qaydalarına görə mümkün olmadığını bildirərək İrəvana seçim etməklə bağlı xəbərdarlıq ünvanlamışdı.
Musavat.com
Dərc vaxtına görə
