“İran ABŞ-nin şərtləri yerinə yetiriləcəyi təqdirdə Hörmüz boğazını iki gün ərzində açmağa hazırdır” - Əraqçi


İran ABŞ-yə Hörmüz boğazının açılması və uzunmüddətli razılaşma üzrə yekun danışıqlara keçidlə bağlı iki günlük plan təklif edib, lakin Vaşinqtondan cavab almadığı üçün Tehranın yeddi şərti yerinə yetirilməyənədək strateji su yolunu açmayacağını bildirib.
Ordu.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Mehr” agentliyinin məlumatına görə, “Iran” qəzetinə müsahibəsində açıqlama verib.
Tehranın təklifinə əsasən, ilk gün ABŞ öz öhdəliklərini yerinə yetirməlidir. İkinci gün isə İran Hörmüz boğazını açacaq. Bundan sonra tərəflər yekun danışıqlara başlaya biləcəklər.
İran daha əvvəl yeddi günlük plan təklif etmişdi, lakin diplomatik prosesi sürətləndirmək məqsədilə sonradan daha qısa variant təqdim edib.
Əraqçi vurğulayıb ki, Tehran bu plandan dialoq üçün əsas kimi istifadə etməyə hazırdır. Lakin ilk növbədə Vaşinqton razılığa gəlmək istəyini açıq şəkildə təsdiqləməli və etimadı gücləndirmək üçün konkret addımlar atmalıdır.
“Vaşinqton təklifimizə cavab verməyib. Əgər həqiqətən razılığa gəlməkdə ciddidirsə, mövqeyini dəyişməlidir”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, İran hazırkı “nə müharibə, nə də sülh” vəziyyətinə son qoymağa və ABŞ ilə ləyaqətli, möhkəm və davamlı razılaşma əldə etməyə çalışır. Bu razılaşma münaqişənin yenidən başlamasını istisna etməli və Vaşinqtona Tehranın mümkün güzəştlərini öz siyasi qələbəsi kimi təqdim etməyə imkan verməməlidir.
Eyni zamanda, Əraqçi razılaşmanın qarşılıqlı güzəştləri nəzərdə tutduğunu, lakin bu güzəştlərin İranın milli maraqlarına zərər vurmamalı olduğunu etiraf edib.
Qətər və Pakistan vasitəçiləri ilə Tehran və Vaşinqton arasında mesaj mübadiləsi davam edir. Bununla yanaşı, nazirin sözlərinə görə, İslamabadda daha əvvəl əldə edilmiş anlaşma memorandumu artıq razılaşma üçün əsas kimi nəzərdən keçirilmir.
Əraqçi 60 faizə qədər zənginləşdirilmiş İran uranı ehtiyatları məsələsinə də ayrıca toxunub. O bildirib ki, tərəflər bu məsələ ilə bağlı ədalətli həll formulu tapa bilərlər, lakin həmin material İrandan çıxarılmayacaq. Məsələ ölkənin milli maraqlarını nəzərə alan hərtərəfli razılaşma çərçivəsində nəzərdən keçirilməlidir.
Nazir İranın rəsmi nüvə doktrinasının dəyişməz qaldığını da vurğulayıb. Bununla yanaşı, ekspert dairələrində ölkənin nüvə siyasətinə və İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədə iştirakına yenidən baxılması ehtimalı ilə bağlı ciddi müzakirələr davam edir.
Əraqçinin sözlərinə görə, region ölkələri uzunmüddətli müharibənin əleyhinədir və sabit sülhün təmin olunmasında maraqlıdır.
O, regional əməkdaşlığı, inklüziv təhlükəsizlik sistemini və iqtisadi inkişafı uzunmüddətli sabitliyin əsasları adlandırıb. Nazir vurğulayıb ki, region dövlətləri öz təhlükəsizliklərini təmin etmək üçün xarici silahlı qüvvələrə arxalanmamalıdırlar.
Sevinc Əliyeva Ordu.az