“iPhone 18 Pro Max” Rusiyada rekord həddə ucuzlaşdı


“Apple” şirkətinin sentyabr ayında təqdim etdiyi “iPhone 18 Pro Max” smartfonunun Rusiya bazarında qiyməti əhəmiyyətli dərəcədə ucuzlaşıb.
Tiraj.az xəbər verir ki, bu barədə Hi-Tech Mail.ru nəşri məlumat yayıb.
Nəşrin jurnalistlərinin müşahidələrinə görə, flaqman smartfonun Rusiya pərakəndə satış şəbəkələrində qiyməti 119 min rubla qədər enib. Müqayisə üçün qeyd olunur ki, oktyabr ayında cihazın qiyməti 130 min rubldan, satışa ilk çıxarıldığı vaxt isə 189 min rubldan başlayıb.
Mütəxəssislərin hesablamalarına əsasən, “iPhone 18 Pro Max” üç ay ərzində Rusiya bazarında 37 faiz ucuzlaşıb. Nəşr cihazı “Apple” şirkətinin 2026-cı ildə təqdim etdiyi ən böyük və ən bahalı smartfon modellərindən biri kimi xarakterizə edib.
“iPhone 18 Pro Max” alüminium korpus, təkmilləşdirilmiş soyutma sistemi, 120 Hz yeniləmə tezliyinə malik 6,9 düymlük LTPO Super Retina XDR OLED ekran və kiçildilmiş “Dynamic Island” sahəsi ilə təchiz olunub.
Smartfon “A20 Pro” prosessoru, 12 GB operativ yaddaş və minimum 256 GB daxili yaddaşa malikdir. Cihazın arxa panelində hər biri 48 meqapiksellik üç kameradan ibarət sistem yerləşdirilib. Əsas kamera dəyişən diafraqmaya sahibdir. Smartfonun batareya tutumu isə 5391 mAh-dan başlayır.
Qeyd edək ki, oktyabrın sonunda “Apple” şirkətinin “iPhone Duo” adlı qatlanan smartfonunun da Rusiya bazarında ilk dəfə ucuzlaşdığı məlum olub. Cihazın qiyməti 300 min rubldan 265 min rubla düşüb.
Arif