“İnterturan” mebel mağazası BAĞLANDI

Paytaxtda mebel mağazasının fəaliyyəti dayandırılıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 29B ünvanında fəaliyyət göstərən “İnterturan” mebel mağazasında yoxlama keçirilib.
Keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Belə ki:
– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;
– obyektdə taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
– obyekt ilkin yanğınsöndürmə vasitələri, daxili yanğın kranları, lülə və atıcı şlanqlarla təmin edilməyib;
– köçürmə yolları müxtəlif materiallarla tutulub;
– obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “İnterturan” mebel mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Dərc vaxtına görə