ING Azərbaycanın kredit reytinqinin yüksəlməsi üçün əsas şərtləri açıqlayıb


Azərbaycanın suveren kredit reytinqinin növbəti dəfə yüksəldilməsi dövlət borcunun azaldılmasından daha çox iqtisadi siyasətin keyfiyyəti, institusional inkişaf və qeyri-neft sektorunun şaxələndirilməsi ilə bağlı olacaq. ING analitikləri hazırkı BBB- səviyyəsindən daha yüksək reytinq əldə edilməsini az ehtimallı hesab edirlər.
Fins.az xəbər verir ki, bu barədə “ING Economic & Financial Analysis” analitik icmalında qeyd olunub.
İcmalda bildirilir ki, Azərbaycan son dövrdə iki beynəlxalq reytinq agentliyindən – “Moody’s” və “Fitch”dən investisiya səviyyəli kredit reytinqi əldə edib. Buna iqtisadiyyatın karbohidrogenlərdən asılılığının azalması, institusional keyfiyyətin yaxşılaşması və Ermənistanla sülh danışıqlarında irəliləyiş əlamətləri töhfə verib.
Növbəti reytinq artımı üçün hansı şərtlər vacibdir?
ING-nin qiymətləndirməsinə görə, Azərbaycanın dövlət maliyyəsi göstəriciləri artıq investisiya reytinqinə malik ölkələrin müvafiq göstəricilərindən daha əlverişli səviyyədədir. Buna görə də növbəti reytinq artımı üçün əsas diqqət dövlət borcunun daha da azaldılmasından çox iqtisadi idarəetmənin keyfiyyətinə yönəlməlidir.
Analitiklər kredit reytinqinin yüksəldilməsi üçün aşağıdakı istiqamətlərdə irəliləyişin vacibliyini qeyd edirlər:
Büdcə idarəçiliyində proqnozlaşdırıla bilmə səviyyəsinin artırılması;
Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transfertlərdən asılılığın azaldılması;
Pul-kredit siyasətinin ötürülmə mexanizminin gücləndirilməsi;
İqtisadi və institusional şəffaflığın artırılması;
Qeyri-neft sektorunun şaxələndirilməsi üzrə əhəmiyyətli nəticələrin əldə olunması.
İcmalda Ermənistanla dayanıqlı sülh prosesində irəliləyişin Azərbaycanın institusional və geosiyasi mövqelərinin möhkəmlənməsinə əlavə töhfə verə biləcəyi də vurğulanıb.
İnstitusional inkişaf və idarəetmə göstəriciləri
ING analitikləri Azərbaycanın güclü xarici və fiskal göstəricilərinin qorunub saxlanılacağını gözləyirlər. Bununla belə, hazırkı BBB- səviyyəsindən daha yüksək reytinq əldə edilməsini az ehtimallı hesab edirlər.
Sənəddə Dünya Bankının Dünya üzrə İdarəetmə Göstəriciləri (Worldwide Governance Indicators – WGI) çərçivəsində Azərbaycanın, xüsusilə dövlət idarəçiliyinin effektivliyi sahəsində irəliləyiş əldə etdiyi qeyd olunur.
Bununla yanaşı, analitiklərin fikrincə, korrupsiyaya nəzarət və qanunun aliliyi göstəriciləri ölkənin kredit reytinqinin daha da yüksəldilməsi qarşısında maneə olaraq qala bilər.
İqtisadiyyatın şaxələndirilməsi əsas çağırış olaraq qalır
ING hesab edir ki, Azərbaycanın iqtisadi göstəricilərinin fundamental əsaslarla daha da yaxşılaşmasının qarşısındakı başlıca maneə qısamüddətli kredit riskləri deyil, iqtisadiyyatın kifayət qədər şaxələndirilməməsidir.
İcmalda dövlətin əhəmiyyətli həcmdə aktivlərinin və karbohidrogen gəlirlərinin davam edən daxilolmalarının iqtisadiyyat üçün mühüm maliyyə dayanıqlığı ehtiyatı yaratdığı bildirilir.
Lakin neft hasilatının zəif dinamikası, ixrac coğrafiyasının genişlənməsinə baxmayaraq təbii qazdan asılılığın davam etməsi və özəl investisiya fəallığının aşağı olması iqtisadi artımın potensial tempini 2-3% səviyyəsində məhdudlaşdırır.
Analitiklərə görə, qeyri-neft sektorunda investisiya dövrü daha fəal mərhələyə keçmədiyi təqdirdə bu məhdudiyyətlər qüvvədə qalacaq.
Beləliklə, ING-nin qiymətləndirməsinə əsasən, Azərbaycanın suveren kredit reytinqinin növbəti yüksəlişi dövlət aktivlərinin daha da artırılmasından deyil, institusional inkişafdan, iqtisadi siyasətin keyfiyyətindən və özəl sektorun şaxələndirilməsindən asılı olacaq.
Dərc vaxtına görə