İmtahanda süni intellektdən istifadə edib yüksək bal topladı - İfşa olundu


Cənubi Koreyada milli imtahanlarda süni intellektdən istifadə etməklə köçürmə halları ciddi narahatlıq yaradıb. Vergi məsləhətçisi imtahanında ən yüksək nəticəni göstərən namizədin gizli kamera, smartfon və süni intellekt vasitəsilə cavabları əldə etdiyi üzə çıxıb.
Xitab24.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, Han soyadlı 34 yaşlı namizəd bu il keçirilən sertifikatlı vergi məsləhətçisi imtahanının hər iki mərhələsində köçürdüyünü etiraf edib. O, sualların fotosunu miniatür kamera vasitəsilə çəkərək smartfona ötürdüyünü, daha sonra süni intellektdən cavabları əldə etdiyini bildirib.
Namizəd imtahanın birinci mərhələsində mümkün 400 baldan 397,5 bal toplayıb. O, 160 sualdan yalnız birinə səhv cavab verib. İkinci mərhələdə də yüksək nəticə göstərərək ümumi sıralamada birinci olub.
Onun qeyri-adi yüksək nəticəsi sosial şəbəkələrdə şübhələrə səbəb olub. Araşdırmalardan sonra namizəd köçürdüyünü etiraf edib və istifadə etdiyi avadanlıqları polisə təqdim edib.
Noyabrın 17-də Han polisə ifadə vermək üçün Seul Metropolitan Polis İdarəsinə gəlib. O, jurnalistlər qarşısında imtahana hazırlaşanlardan və prosesdə iştirak edən şəxslərdən üzr istəyib, istintaqa həqiqəti danışacağını bildirib.
Hadisə ölkədə universitetlərə qəbul imtahanı ərəfəsində daha böyük narahatlığa səbəb olub. Belə ki, noyabrın 19-da keçiriləcək milli qəbul imtahanında təxminən 550 min şagirdin iştirakı gözlənilir.
Qalmaqaldan sonra Cənubi Koreya hakimiyyəti imtahanlarda təhlükəsizlik tədbirlərini sərtləşdirmək qərarına gəlib. İmtahan mərkəzlərində namizədlərin eynəkləri və geyimləri yoxlanılacaq, köynəklərin düymələrinə xüsusi yapışqanlar vurulacaq, şübhəli şəxslər metal detektorlarla yoxlanılacaq.
Bundan başqa, imtahan otaqlarına elektron cihazların gətirilməsi qadağan ediləcək. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün ölkə üzrə əlavə 8 400 nəzarətçinin cəlb olunması nəzərdə tutulur.
Hökumət hətta imtahan zamanı köçürmə ilə bağlı yaxalanan şəxslərin yenidən imtahan verməsinə qoyulan qadağanın bir ildən 10 ilədək artırılmasını da planlaşdırır.
Qeyd edək ki, Cənubi Koreyada süni intellektlə köçürmə halları təkcə bu hadisə ilə məhdudlaşmır. Daha əvvəl bəzi şagirdlərin və tələbələrin süni intellekt imkanlarına malik eynəklərdən istifadə etməklə imtahan suallarına cavab əldə etdikləri aşkarlanıb.
1 mənbə