İlqar Musayev: “Süni intellektin yaratdığı kibertəhdidlərlə mübarizə mühüm nəticələr verə bilər”


Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev çıxış edib.
ANZ.AZ xəbər verir ki, İlqar Musayev çıxışında müasir dövrdə texnoloji inkişafla geosiyasi proseslərin getdikcə daha sıx qarşılıqlı əlaqədə olduğunu bildirib.
O qeyd edib ki, bu baxımdan konfransın süni intellekt dövründə dəyişən kiberməkan mənzərəsinə həsr olunması təsadüfi deyil və mövzu müasir dövrün reallıqlarını əks etdirir.
İlqar Musayev süni intellektin beynəlxalq münasibətlərə təsiri, dövlətlərin strateji müstəqilliyinin qorunması, informasiya müharibəsi və “deepfake” texnologiyalarının yaratdığı təhdidlərə diqqət çəkib.
“İnanıram ki, konfrans çərçivəsində süni intellektin beynəlxalq münasibətlərə təsiri, dövlətlərin strateji müstəqilliyinin qorunması, informasiya müharibəsi, ‘deepfake’ texnologiyalarının yaratdığı təhdidlər və kibertəhlükəsizlik sahəsində mübarizə ilə bağlı aparılan müzakirələr mühüm nəticələrin əldə edilməsinə imkan verəcək”, – deyə o vurğulayıb.
Dövlət Xidmətinin rəisi Azərbaycanın kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığa, təcrübə mübadiləsinə və qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarının genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycanın belə bir beynəlxalq platformaya ev sahibliyi etməsi ölkənin kibertəhlükəsizlik sahəsində mövcud çağırışlara yanaşmasının və beynəlxalq əməkdaşlığa verdiyi önəmin göstəricisidir.
İlqar Musayev əminliyini ifadə edib ki, konfrans yalnız mövcud çağırışların müzakirəsi ilə məhdudlaşmayacaq, həmçinin kiberdiplomatiyanın gələcək inkişafına, regional və beynəlxalq əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə, kiberməkanda etimad və təhlükəsizliyin möhkəmləndirilməsinə real töhfə verəcək.