İllər sonra üzə çıxdılar...


Braziliyanın Amazon meşələrində xarici dünya ilə əlaqə saxlamadan yaşayan yerli Ava xalqının təxminən 20 nümayəndəsi nadir hallarda rast gəlinən hadisə zamanı görüntülənib.
Xitab24.az xəbər verir ki, noyabrın 16-da baş verən hadisə Braziliyanın şimal-şərqində, Maranyan ştatındakı Arariboia yerli ərazisində qeydə alınıb.
Məlumata görə, onilliklərdir kənar insanlarla təmasdan yayınan Ava xalqının nümayəndələri qonşu Quajajara icmasının yaşadığı kəndə yaxınlaşıblar. Onlar dövlətin nəzarət məntəqəsi yaxınlığında insanlarla qarşılaşıb və yemək istəyiblər.
"Survival İnternational" təşkilatının yaydığı görüntülərdə meşədən çıxan qrupun üzvləri, o cümlədən qadınlar və uşaqlar əks olunub. Onların bəzilərinin əlində ox və kaman olub.
Təşkilatın məlumatına görə, yerli sakinlər onlara yam adlı kök bitkisi veriblər. Ava nümayəndələri ərzağı götürərək yenidən meşəyə qayıdıblar.
Hadisə ciddi narahatlıq doğurub. Quajajara icmasının nümayəndələri qrupun bəzi üzvlərinin, xüsusilə uşaqların və yaşlıların həddindən artıq arıq göründüyünü bildiriblər. Bu isə onların qida çatışmazlığı ilə üzləşə biləcəyi ehtimalını gündəmə gətirib.
Mütəxəssislərin diqqət çəkdiyi digər təhlükə isə xəstəliklərdir. Uzun müddət təcrid olunmuş vəziyyətdə yaşayan yerli əhalinin kənar insanlarla təmas nəticəsində yayılan infeksiyalara qarşı immuniteti zəif ola bilər. Hətta adi yoluxucu xəstəliklər belə onlar üçün ölümcül nəticələrə səbəb ola bilər.
Braziliyanın Yerli Xalqlar üzrə Milli Fondu (Funai) hadisə ilə bağlı məlumatları araşdırır. Əraziyə mütəxəssislər və səhiyyə işçiləri göndərilib, mümkün təmasın yaratdığı riskləri qiymətləndirmək üçün fövqəladə tədbirlər planı işə salınıb.
1 mənbə
