İlk dəfə yığmaya dəvət alan futbolçu: Kumirim Kriştianu Ronaldudur - MÜSAHİBƏ


Bakı, 18 noyabr, AZƏRTAC
I Liqa təmsilçisi “Şimal”ın futbolçusu Niyazi Osmanov ilk dəfə Azərbaycanın U-21 millisinə dəvət alması, klub karyerası və gələcək hədəfləri barədə AZƏRTAC-a müsahibə verib.
- İlk dəfə U-21 millisinə dəvət almağınız necə baş verdi? Bu xəbəri eşidəndə hansı hissləri keçirdiniz?
- Həqiqətən, çox gözəl hissdir. Çox xoşbəxtəm. İlk dəfə milli komandaya dəvət almaq qürurverici haldır. Mənimlə ilk olaraq baş məşqçi Rəşad Eyubov danışdı. Beləcə yığmaya dəvət olundum.
- Millidəki ilk çıxışınızda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qaldınız. Belə uğurlu başlanğıc gözləyirdiniz?
- Açığı, özümə güvənirdim. Yaxşı çıxış edəcəyimə inanırdım. Şükürlər olsun ki, hər şey yaxşı alındı. Buna görə çox sevinirəm.
- Bu performansdan sonra növbəti təlim-məşq toplanışlarında da milliyə dəvət alacağınıza inanırsınızmı?
- İnşallah, çalışacağam ki, daim millidə olum. Bunun üçün əlimdən gələni edəcəyəm. Öz üzərimdə daha çox işləməli, inkişaf etməliyəm. Ümid edirəm ki, yenidən dəvət alaram.
- Baş məşqçi Rəşad Eyubovla toplanışdan sonra söhbətiniz oldu?
- Xeyr, şəxsi söhbətimiz olmadı. Amma komandanı təbrik etdi, bütün futbolçulara uğurlar arzuladı.
- İlk dəfə yığmaya dəvət alan futbolçu kimi komandadakı ab-hava və kollektivin potensialı barədə nə deyə bilərsiniz?
- Keçən il U-21 millisindən əsas yığmaya təxminən 7-8 futbolçu yüksəlmişdi. İnşallah, bu il daha çox olar. Yeni formalaşan komandayıq. İnkişaf etməli, oyun səviyyəmizi artırmalıyıq. Komandada ab-hava çox yaxşıdır.
- Futbolçu kimi inkişafınızda “Şimal”ın böyük rolu var. Məhz bu komandada oynayandan sonra U-21 millisinin qapıları sizin üçün açıldı. Bu barədə nə deyə bilərsiniz?
- “Şimal”a gəldikdən sonra daha çox oynamaq və özümü göstərmək imkanı qazandım. Burada hər şey yaxşıdır. Ab-hava, ümumi vəziyyət qaydasındadır. Hər oyuna qələbə üçün çıxırıq.
- Klubla müqavilənizin müddəti nə vaxta qədərdir?
- Mövsümün əvvəlində birillik müqavilə bağlamışam.
- Gələcək karyera hədəfləriniz nələrdir?
- Hədəfim daha yüksək səviyyələrə yüksəlmək, daha yaxşı liqalarda oynamaqdır. Bunun üçün daim çalışıram və öz üzərimdə işləyirəm.
- Özünüzə nümunə götürdüyünüz, oyununu bəyəndiyiniz futbolçu varmı?
- Kumir hesab etdiyim futbolçu Kriştianu Ronaldudur. Onun oyununu çox bəyənirəm. Xüsusilə bitiricilik qabiliyyəti məni daha çox cəlb edir.
Müxbir – Cavid Əliyev
1 mənbə
