İki yığma, altı oyun, 23 buraxılan qol...


İki yığma, altı oyun, 23 buraxılan qol... - Azərbaycan futbolunun gələcəyi kimlərin əlindədi?
21.11.2026 23:04 0
Aktual / Yığma
Ölkəmizin aşağı yaş qrupları yığmaları üçün Avropa çempionatının seçmə mərhələsi arxada qaldı. U-17 və U-19 yığmalarımız ümumilikdə 6 oyuna çıxdı. Təəssüf ki, nəticələr heç də ürəkaçan olmadı. U-17 oyunların birində heç-heçə etdi, ikisində böyük hesabla uduzdu, U-19 bir qələbə qazansa da,qalan iki oyunda darmadağın oldu. İki yaş qrupu üzrə birlikdə rəqib qapılarından 5 top keçirən futbolçularımız öz qapılarında 23 qol görüblər.Bəs belə uğursuz nəticələrə imza atan futbolçularımız hansı klublarda çıxış edir?U-17-nin 21 nəfərlik heyətində ən çox futbolçu ilə təmsil olunan klub “Qarabağ”dı. Ağdam təmsilçisinin 8 üzvü – Bilal Hacıyev, Vaqif Nəbiyev, Tunar Bayramov, Əhəd Hacızadə, Yusif Orucəliyev, Tunar Əsgərzadə, Yusif Quliyev və Daniil Rəcəbov yığmaya çağırılıb. İkinci pillədə “Neftçi” qərarlaşıb. “Ağ-qaralar”dan Ruslan Quliyev, Emil Quliyev, Şikar Şikarov, Sübhan Əlizadə və Qafar Babayev millinin heyətində yer alıb. Yəni U-17-dəki 21 futbolçudan 13-ü yalnız iki klubun – “Qarabağ”la “Neftçi”nin payına düşür.“Sabah”dan Cihad Sadıqov və Vaqif Məmmədli, “Sumqayıt”dan Ülvi Abbaslı, “Turan Tovuz”dan Turan Ramazanov, “İmişli”dən isə Rəsul Balakişiyev yığmaya dəvət alıb. Xaricdə çıxış edən futbolçuların sayı ikidi. Bunlar İspaniyanın “Marset” akademiyasını təmsil edən Nicat Əhmədzadə və Serbiyanın “Qrafiçar” klubunda oynayan Nazim Əliyevdi. Oqtay Mehrəliyev isə hazırda klubsuzdu.U-19 yığmamızda da vəziyyət fərqli deyil. Bu yaş qrupunda da ən çox futbolçu ilə təmsil olunan klub “Qarabağ”dı. “Köhlən atlar”ın 7 üzvü – Rəvan Teymurov, Amin Rzayev, Əhməd Vəliyev, Abdulaziz Cabbarlı, Əli Qazıbəyov, Əli Əliyev və Əli İbrahim milliyə dəvət alıb. İkinci pillədə “Sabah” qərarlaşıb. “Bayquşlar”ın 6 futbolçusu – Rauf Əyyubov, Tuncay Əhmədov, Əlibəy Mahmudov, Rəşad Gülüşov, Məhəmməd Çodarov və Ümid Səlimov yığmanın heyətində yer alıb. “Neftçi”dən 4 futbolçu – Nurəziz Əzizov, Məhdi Həsənov, Elvin Vəliyev və Vüsal Kərimov milliyə çağrılıb. “Qəbələ”dən Müseyib Bəşirov, “Sumqayıt”dan Emir Fətiyev, “Zirə”dən isə Əhliman Süleymanzadə heyətdə yer alıb.U-19 yığmasında xaricdə çıxış edən cəmi bir futbolçu var. Söhbət Belçikanın “Sent-Trüden” klubunun üzvü Mustafa Kamaradan gedir. Farer adaları ilə görüşdə millimizin ikinci qolunu məhz bu futbolçu vurub.U-19-un 21 nəfərlik heyətindəki 17 futbolçu yalnız üç klubun – “Qarabağ”, “Sabah” və “Neftçi”nin üzvüdü.U-17 və U-19 millilərimizə ümumilikdə 42 futbolçu dəvət alıb. Onlardan 15-i “Qarabağ”, 9-u “Neftçi”, 8-i isə “Sabah”ın oyunçusudu. Yəni 42 futbolçudan 32-si yalnız üç klubun payına düşür. Bu isə ümumi heyətin 76 faizindən çoxu deməkdi. Hər iki yaş qrupunda ümumilikdə cəmi üç futbolçu başqa ölkələrdə çıxış edir.Azərbaycan futbolunun gələcəyini yalnız üç klubun çiyinlərinə yükləməklə inkişafdan danışmaq çətindi. İstedadlar təkcə Bakıda yetişmir. Onları bölgələrdə də axtarmaq, üzə çıxarmaq və inkişaf etdirmək lazımdı...İSRAYIL XEYRULLAYEV
