İğdırda 10 illik qan düşmənçiliyinə son qoyulub


ANZ.AZ türk mediasına istinadla xəbər verir ki, Türkiyənin İğdır vilayətinin Cennetabat kəndində 10 ilə yaxındır düşmənçilik edən Qızıl və Sevgül ailələri barışdırılıb.
Ailələrin böyükləri barışığa nail olmaq məqsədilə MHP-nin İğdır İl Təşkilatına müraciət ediblər. MHP-nin İğdır İl sədri Hüseyn Ateş, Karakoyunlu bələdiyyə sədri Bayram Ali Ballı, Melekli bələdiyyə sədri Mücahid Tanık və digər partiya nümayəndələrinin vasitəçiliyi ilə tərəflər arasında danışıqlar aparılıb.
Danışıqların müsbət nəticələnməsindən sonra hər iki ailənin üzvləri Cennetabat kəndində bir araya gəliblər.
Barışıq mərasimində İğdır valisi Mustafa Fırat Taşolar, Karakoyunlu kaymakamı İlhan Kayaş, vilayətin polis rəisi Eraslan Er, jandarma komandanı briqada generalı Zafer Özden, eləcə də ailə üzvləri və MHP nümayəndələri iştirak ediblər.
Mərasimdə “Qurani-Kərim” oxunub, dualar edilib və birgə süfrə açılıb. Beləliklə, ailələr arasında təxminən 10 il davam edən düşmənçiliyə son qoyulub.