Hövsan kanalında ekoloji təhlükə – Çirkab suları Xəzər dənizinə axıdılır?/VİDEO


EKOLOGİYA SON DƏQİQƏ
18 noyabr 2026 15:26 256 baxış
Yeni Suraxanı qəsəbəsində yerləşən Hövsan kanalı ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər narahatlıq doğurub.
Ekologiya.az xəbər verir ki, paylaşılan videoda neft-mədən və çirkab sularının üstü açıq kanal vasitəsilə Hövsan kanalı istiqamətində Xəzər dənizinə axıdıldığı iddia olunur.
Görüntülərdə əks olunan hal ərazidə ekoloji vəziyyət, su hövzələrinin çirklənməsi və mümkün sanitar risklərlə bağlı suallar yaradır.
Məsələ ilə bağlı Ekologiya.az olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq bildirilib:
"Sözügedən ərazidə mövcud olan kanal (kanal İri Şəhərlərin Su Təchizatına aid deyil) vasitəsilə vətəndaşlar tullantı sularını qeyri-qanuni olaraq dənizə axıdırlar. Mərkəzləşdirilmiş tullantı suların axıdılması sisteminə çıxışı olmayan əhali qrupları tullantı suların idarə olunmasında alternativ və təhlükəsiz üsullardan yararlanmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər.
Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud olmayan ərazilərdə tullantı suların idarə olunması “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 5-ci bəndinin tələblərinə uyğun olaraq həyata keçirilməlidir. Belə ki, kanalizasiya sisteminə qoşulmayan yaşayış sahələrindəki tullantı sularının yığılması məqsədilə yerüstü hissəsi qapaq və barmaqlıqla təmin olunub, divarları və dibi sukeçirməz olan, dərinliyi 3 metrdən artıq olmayan çirkab su quyusu hazırlanmalıdır. Bu quyular yaşayış binalarından, uşaq bağçalarından və məktəblərdən, uşaq oyunları meydançalarından və əhalinin istirahət yerlərindən mümkün qədər aralıda, 20 metrdən 100 metrə qədər məsafədə olmalıdır. Quyu dolma həddindən asılı olaraq yarım ildə bir dəfədən az olmamaq şərti ilə təmizlənməlidir.
Əhali qrupu tərəfindən qeyd edilən tələblərə riayət edilmədikdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxslər 600 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.
Sözügedən ərazilər üzrə yaşayış məntəqələrində formalaşan tullantı sularının əhali qrupu tərəfindən ətraf mühitə, o cümlədən su və su təsərrüfatı obyektlərinə birbaşa axıdılması hallarının qarşısını almaq üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti müntəzəm olaraq reydlər keçirir və qanuna əməl etməyənlər barədə qanunauyğun şəkildə tədbir görürlər.
Kanalizasiya sistemi mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır".
Zümrüd Abidqızı
1 mənbə
