Hökumət rayonlara pul verməyəcək, rayonlar dövlət büdcəsinə pul verəcək


Müşahidə məntəqəsi
12:44
208
“Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində 67 şəhər və rayonunun yerli xərclərinin qarşılanması üçün dotasiya ayrılması nəzərdə tutulmur. Layihəyə əsasən, həmin şəhər və rayonların hamısının yerli xərcləri öz gəlirləri hesabına ödəyəcəyi proqnozlaşdırılır.
AzNews.az xəbər verir ki, Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, 2027-ci ilin dövlət büdcəsində nəzərdə tutulan mühüm yeniliklərdən biri bütün şəhər və rayonların yerli xərclərini öz gəlirləri hesabına maliyyələşdirməsidir:
"Bu, regionlarda formalaşmış iqtisadi potensialın, sahibkarlıq fəaliyyətinin və maliyyə imkanlarının genişlənməsinin göstəricisidir. Təbii ki, təhsil, səhiyyə, mədəniyyət və digər böyük maliyyə vəsaiti tələb edən sahələrin bir sıra xərcləri əvvəlki kimi mərkəzləşdirilmiş dövlət büdcəsi hesabına maliyyələşdiriləcək. Bununla belə, şəhər və rayonların yerli xərclərinin öz gəlirləri hesabına qarşılaması regional maliyyə imkanlarının genişlənməsi və büdcə sistemində maliyyə dayanıqlılığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".
Deputatın sözlərinə görə, burada diqqətçəkən məqam ondan ibarətdir ki, bir sıra şəhər və rayonların gəlirləri yalnız yerli xərclərin ödənilməsinə deyil, həm də mərkəzləşdirilmiş dövlət büdcəsinin gəlirlərinin formalaşmasına əhəmiyyətli töhfə verməsidir:
"Məsələn, 2027-ci ilin büdcə layihəsində Gəncə şəhərinin gəlirləri 152,35 milyon manat, yerli xərcləri 28,9 milyon manat proqnozlaşdırılır. Bu, 123,4 milyon manat vəsaitin mərkəzləşdirilmiş gəlirlərə aid edilməsi deməkdir. Sumqayıt şəhərində isə yerli gəlirlərin 288,3 milyon manat, yerli xərclərin 25 milyon manat olması nəzərdə tutulur. Beləliklə, 263,2 milyon manat artıq gəlir mərkəzləşdirilmiş büdcəyə yönəldiləcək. Mingəçevir şəhərində də 40 milyon manatlıq yerli gəlirin 12,5 milyon manatı yerli xərclərə yönəldiləcək, 27,4 milyon manatdan çox hissəsi isə mərkəzləşdirilmiş gəlirlərə aid ediləcək. Bu göstəricilər həmin şəhərlərdə iqtisadi fəallığın, sənaye və sahibkarlıq potensialının, eləcə də vergi bazasının genişləndiyini nümayiş etdirir".
Parlamentari hesab edir ki, regionların iqtisadi potensialının daha da artırılması üçün yaradılan imkanlardan səmərəli istifadə olunmalıdır:
"Bunun üçün yerli sahibkarlığın dəstəklənməsi, sənaye və istehsal müəssisələrinin sayının artırılması, investisiyaların cəlb edilməsi, kənd təsərrüfatı və xidmət sektorunun inkişafı mühüm əhəmiyyət daşıyır. Yerli gəlirlərin artması regionların maliyyə imkanlarının genişlənməsinə, iqtisadi fəallığın yüksəlməsinə və yeni iş yerlərinin yaradılmasına şərait yaradır. Eyni zamanda, bu proses yerli səviyyədə həllini gözləyən infrastruktur və sosial problemlərə daha çevik yanaşmaq, ərazilərin iqtisadi xüsusiyyətlərini nəzərə alan inkişaf təşəbbüslərini reallaşdırmaq baxımından da əhəmiyyətlidir. Mən hesab edirəm ki, 2027-ci ildən bütün şəhər və rayonların yerli xərclərini öz gəlirləri hesabına qarşılaması regional iqtisadi inkişaf siyasətində yeni mərhələnin başlanğıcıdır. Qarşıdakı dövrdə əsas məqsəd yalnız mövcud gəlirlərlə xərcləri balanslaşdırmaq deyil, regionların iqtisadi potensialını daha da genişləndirərək onların ölkə iqtisadiyyatına verdiyi töhfəni artırmaq olmalıdır".
Dərc vaxtına görə
.jpg)