Həsən Mənsurov: Azərbaycanın enerji və nəqliyyat infrastrukturlarının kibertəhlükəsizliyi beynəlxalq əhəmiyyət daşıyır


Müasir dövrdə kibertəhlükəsizlik yalnız texnoloji məsələ deyil, həm də milli və regional təhlükəsizliyin mühüm tərkib hissəsidir.
ANZ.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Həsən Mənsurov kiberdiplomatiya mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
O qeyd edib ki, son dövrlərdə baş verən hadisələr kibertəhdidlərin milli təhlükəsizlik üçün real nəticələr doğura biləcəyini göstərir. Texnoloji imkanlar geosiyasi təzyiq vasitəsinə çevrilə, geosiyasi münaqişələr isə kiberməkanda yeni risklər yarada bilər.
Həsən Mənsurovun sözlərinə görə, süni intellekt texnologiyalarının inkişafı bu prosesləri daha da sürətləndirir. Böyük hesablama resurslarına və məlumat infrastrukturlarına çıxışı məhdud olan dövlətlərin xarici texnoloji platformalardan asılılığı artır.
O bildirib ki, tam texnoloji müstəqilliyə nail olmaq real görünmədiyindən beynəlxalq tərəfdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan texnoloji şirkətlərin qlobal kibermühitdə artan rolu da diqqətə alınmalıdır.
Çıxış zamanı vurğulanıb ki, regional təhlükəsizlik artıq yalnız coğrafi sərhədlər və ənənəvi hərbi imkanlarla məhdudlaşmır. Enerji sistemləri, nəqliyyat dəhlizləri, kommunikasiya şəbəkələri, maliyyə infrastrukturu və rəqəmsal xidmətlər arasında qarşılıqlı asılılıq getdikcə artır.
Həsən Mənsurov Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən enerji, nəqliyyat və kommunikasiya xətlərində mühüm mövqeyə malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu infrastrukturların kibertəhlükəsizliyinin təmin edilməsi ölkənin milli maraqları ilə yanaşı, beynəlxalq enerji təhlükəsizliyi və iqtisadi əlaqələr baxımından da əhəmiyyətlidir.
O, həmçinin kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində Dövlət Təhlükəsizliyi Xidmətinin üzərinə düşən funksiyaları yerinə yetirdiyini qeyd edib.
Çıxışda dövlətlər arasında kibertəhdidlər barədə məlumat mübadiləsinin genişləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və kollektiv təhlükəsizlik mexanizmlərinin inkişaf etdirilməsinin vacibliyi də vurğulanıb.
