Hasil Abbasov: Əmək bazarının və biznesin ana sütunlarından biri özəl sektordur VİDEO


Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycanda ilk dəfə keçirilən Dövlət-Biznes Əməkdaşlıq Forumunun xüsusi əhəmiyyəti və özəlliyi var. Belə ki, bu forumda dövlət qurumlarının fəaliyyətləri, onların biznesə dəstək mexanizmləri, əməkdaşlıq imkanları, eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumların işəgötürənlərə verdiyi dəstək alətləri, əmək bazarında biznes birliklərinin, assosiasiyalarının rolu, sosial məsuliyyət və birgə təşəbbüslər istiqamətində müzakirələr təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov deyib. O bildirib ki, ümumilikdə forum çərçivəsində əmək bazarının reallıqları geniş müstəvidə müzakirəyə çıxarılacaq: "Ümumiyyətlə, 4 günlük Məşğulluq Həftəsini Dövlət-Biznes Əməkdaşlıq Forumu ilə yekunlaşdıracağıq. Milli Məşğulluq Forumu, Gələcəyin Peşələri Sammiti və bugünkü forum daxil olmaqla biz Azərbaycanda əmək bazarına, onun gələcəyinə və Azərbaycanın işçi qüvvəsinin kvalifikasiyalarının, kompetensiyalarının artırılmasına və bu hazırlıqlarda işəgötürənlərin potensial dəstək mexanizmlərinə toxunduq. Müzakirə etdiyimiz mövzuların Azərbaycanın əmək bazarına töhfə verəcəyinə inanırıq. Çünki biznesin və əmək bazarının ana sütunlarından biri özəl sektordur. ƏMAS-da aktiv əmək müqavilələrinin imzalanmasında özəl sektorun böyük çəkisi var. Eyni zamanda, xüsusi həssas kateqoriyadan, dəstəyə ehtiyacı olan insanların məşğulluğuna verdiyi töhfəyə görə də bir neçə işəgötürənimizi bu gün təltif etdik".
Müxbir - Günel Türksoy
Fotoqraf - Nicat Haşimov
Videooperator - Ceyhun Mustafayev
Dərc vaxtına görə
