Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib


21.11.2026 14:55
Noyabrın 21-də Hanoyda Vyetnam Prezidenti To Lam və xanımı No Fon Linin adından Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib.
Tədbirdə Azərbaycan və Vyetnam prezidentləri çıxış ediblər.
To Lam çıxışında İlham Əliyevin Vyetnama rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyini bildirib. O, iki ölkə arasında uzunmüddətli dostluq əlaqələrinin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin və əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Vyetnam Prezidenti Azərbaycanın sosial-iqtisadi inkişafını və beynəlxalq aləmdə mövqeyinin güclənməsini qeyd edib. O, Azərbaycan xalqının Vyetnamın milli azadlıq mübarizəsinə və inkişafına göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
To Lam iki ölkə arasında 2025-ci ilin mayında strateji tərəfdaşlığın qurulmasının ikitərəfli münasibətlərdə yeni mərhələ açdığını bildirib. Onun sözlərinə görə, tərəflər qarşılıqlı etimadı möhkəmləndirməli və əməkdaşlığı konkret layihələrlə genişləndirməlidirlər.
Vyetnam Prezidenti 1959-cu ildə Ho Şi Minin Azərbaycana, 1983-cü ildə isə Heydər Əliyevin Vyetnama səfərlərinin iki xalq arasında əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib. O, neft-qaz sahəsində əməkdaşlığın da iki ölkə arasındakı əlaqələrin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb.
İlham Əliyev isə dəvətə və səfər zamanı göstərilən qonaqpərvərliyə görə To Lama təşəkkür edib.
Azərbaycan Prezidenti gələn il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 35-ci ildönümünün qeyd ediləcəyini bildirib. O, Azərbaycan-Vyetnam dostluğunun daha qədim tarixə malik olduğunu və bu əlaqələrin Heydər Əliyev və Ho Şi Min tərəfindən qoyulan ənənələr əsasında inkişaf etdiyini vurğulayıb.
İlham Əliyev Vyetnamın Azərbaycan üçün dost ölkə və strateji tərəfdaş olduğunu qeyd edib. O, To Lamın ötən il Azərbaycana dövlət səfəri zamanı qəbul edilən strateji tərəfdaşlıq haqqında birgə bəyanatın ikitərəfli əlaqələri yeni mərhələyə yüksəltdiyini bildirib.
Dövlət başçısı səfər çərçivəsində keçirilən görüşləri və imzalanan sənədləri yüksək qiymətləndirib, siyasi, iqtisadi-ticari, enerji, müdafiə, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yarandığını deyib.
İlham Əliyev Azərbaycan və Vyetnamın BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində əməkdaşlıq etdiyini bildirib və Vyetnamın, xüsusilə 2020-ci il Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.
Prezident iki ölkə arasında mədəni-humanitar əlaqələrin də zəngin tarixə malik olduğunu diqqətə çatdırıb. O, Qara Qarayevin “Vyetnam süitası” əsərini, Əjdər İbrahimovun Vyetnamda fəaliyyətini və sovet dövründə Azərbaycanda təhsil alan 5 minə yaxın vyetnamlı tələbəni xatırladıb.
Sonda prezidentlər Azərbaycan-Vyetnam əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Oxşar xəbərlər
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Dərc vaxtına görə
Anews.azoxuduğunuz
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib