Hakimə daş atdı, 8 il futboldan kənarlaşdırıldı -


BAKI, 19 noyabr. TELEQRAF
Ekvadorda hakimə daş atan oyunçuya 8 il futboldan kənarlaşdırma cəzası verilib.
Teleqraf xəbər verir ki, hadisə oktyabrın 17-də Ekvadorun üçüncü liqasında “Syudad de Yantazasa” və “Rio Aqariko” komandaları arasında keçirilən oyunda baş verib.
Qarşılaşmanın əlavə vaxtının altıncı dəqiqəsində futbolçu Con Berlathanın atdığı daş köməkçi hakim Lenin Covanni Oheda Nunyesə dəyib. Nəticədə xəsarət alan hakim əməliyyat olunub və onun 60 günədək müalicə və reabilitasiya prosesinə ehtiyac duyduğu bildirilib.
Ekvador Futbol Federasiyasının İntizam Komitəsi hadisəni araşdırdıqdan sonra Berlathaya 8 il futbolla bağlı bütün fəaliyyətlərdən kənarlaşdırma cəzası verib. Qərara əsasən, cəza 2034-cü il oktyabrın 19-dək qüvvədə olacaq.
Bundan əlavə, federasiya cəzanın beynəlxalq səviyyədə tətbiqi üçün FIFA-ya müraciət edəcəyini açıqlayıb.
Qeyd edək ki, hadisəyə görə “De Yantazasa” klubu 2 min dollar cərimələnib və xəsarət alan hakimin müalicə xərclərini ödəməli olub.
