Hacı İsmayılov: Teatr Xadimləri İttifaqının əsas məqsədi Azərbaycan teatrının inkişafına töhfə verməkdir


Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Teatr Xadimləri İttifaqının ilk binasının təmirindən sonra orada beynəlxalq teatr festivalı keçirməyi planlaşdırırıq. Məqsədimiz 2027-ci ildə bu festivalı təşkil etməklə yanaşı, teatr sənətinin daha böyük səhnələrə çıxmasına imkan yaratmaqdır.
Bunu AZƏRTAC-a açıqlamasında İttifaqın sədri, Xalq artsiti Hacı İsmayılov deyib.
O qeyd edib ki, Teatr Xadimləri İttifaqının əsas arzusu Azərbaycan teatrının inkişafına töhfə verməkdir. “Son dörd ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə bir çox teatrlarımız mühüm uğurlara imza atıb. Şəkidə keçirilən V Beynəlxalq Teatr Festivalı da bunun bariz nümunələrindəndir. Festivalda Özbəkistan və Qazaxıstanın, eləcə də ölkəmizin teatr kollektivləri iştirak ediblər. Beynəlxalq Teatr Günü münasibətilə hər il teatr sənətinin inkişafında xidmətləri olan şəxslərə “Qızılgül” mükafatı, fəxri fərmanlar, “Teatr fədaisi” və digər medallar təqdim edirik. Bu təşəbbüslər teatr xadimlərinin əməyinə verilən dəyərin göstəricisidir.
Teatr Xadimləri İttifaqının 130 illiyi və Azərbaycan teatr sənətinin 155-ci mövsümü ərəfəsində bu istiqamətdə yeni uğurlara imza atacağımıza inanıram. Əminəm ki, mədəniyyətimiz, xüsusilə də teatr sənətimiz bundan sonra da inkişaf edəcək. Teatr Xadimləri İttifaqının əsas məqsədi Azərbaycan teatrının inkişafına töhfə verməkdir, - deyə Xalq artisti əlavə edib.
Müxbir – Fidan Əlizadə
