Gürcüstan fermerləri alma satışından 2,6 milyon gəlir əldə etdilər


Gürcüstan fermerləri oktyabrın 13-dən noyabrın 15-dək qeyri-standart almaların təhvil verilməsindən 2,6 milyon laridən çox gəlir əldə ediblər.
Tiraj.az xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İnkişafı Agentliyi məlumat yayıb.
Ümumi məbləğin 1 milyon laridən çoxu dövlət subsidiyasının payına düşüb.
Qurumun məlumatına görə, dövlət proqramında iştirak edən 10 meyvə emalı müəssisəsi fermerlərdən 10,5 min tondan çox qeyri-standart alma qəbul edib.
Dövlət proqramı çərçivəsində meyvələrin qəbulu Şida Kartli, Kvemo Kartli, Samtsxe-Cavaxeti, Mtsxeta-Mtianeti, Raça-Leçxumi və Kvemo Svaneti bölgələrində fəaliyyət göstərən emal müəssisələri tərəfindən həyata keçirilir.
Proqrama əsasən, qeyri-standart almaların qəbul qiyməti kiloqramı üçün 0,25 lari olduğu halda, dövlət hər kiloqram üçün 0,1 lari subsidiya ödəyir.
Qeyri-standart almaların təhvil verilməsi prosesinin mütəşəkkil şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin qərarı ilə koordinasiya qərargahı fəaliyyət göstərir.
Alma şaftalı, üzüm və mandarinlə yanaşı, Gürcüstanın əsas ixrac kənd təsərrüfatı məhsulları sırasına daxildir. Ölkədə alma yığımı sentyabrın ilk günlərindən başlayır.
Arif