Azərbaycanda müxtəlif növ ağac materialları hərraca çıxarılır – Qiymətlər açıqlandı


Azərbaycanda müxtəlif bölgələrdə saxlanılan fıstıq, palıd, şam, qovaq və digər ağac növlərindən əldə edilən oduncaq materialları satışa çıxarılır.
Banker.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə məxsus ağac materiallarının satışı üzrə hərrac 23 dekabr 2026-cı il tarixində saat 10:00-da keçiriləcək.
Hərraca ümumilikdə 38 lot üzrə işlik oduncaq çıxarılıb. Ağac materialları Lənkəran, Şabran, Quba, Şamaxı, Şəki, Zaqatala, Göygöl, Şəmkir və Qəbələ rayonlarında yerləşir.
Satışa təqdim olunan oduncaqların bir kubmetrinin ilkin qiyməti ağacın növündən və saxlanıldığı ərazidən asılı olaraq 68 manatdan 152 manatadək dəyişir.
Fıstıq ağacından əldə edilən oduncağın bir kubmetri 148–152 manat, palıdın 149–152 manat, qovağın 68–71 manat, şamın isə 82 manat müəyyən edilib.
Bundan əlavə, hərracda ağcaqayın, göyrüc, yalanqoz, qızılağac, vələs, akasiya, tut və gilas ağaclarından əldə olunan materiallar da satışa çıxarılıb.
Ayrı-ayrı lotların ilkin satış qiymətləri 10,66 manatdan 7 879,18 manatadək dəyişir. Ən yüksək ilkin qiymət Şabran rayonunda saxlanılan 52,18 kubmetr fıstıq oduncağı üçün müəyyən edilib.
Hərracda iştirak etmək istəyən şəxslər tələb olunan sənədləri hərracın başlanmasına ən geci üç bank günü qalanadək təqdim etməli və ilkin satış qiymətinin 10%-i həcmində beh ödəməlidirlər.
Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Qeyd edək ki, işlik oduncaq tikinti, mebel istehsalı və müxtəlif ağac məmulatlarının hazırlanmasında istifadə olunan ağac materialıdır.
1 mənbə