"Güclü tərəfdaşlıq dövlətlərin strateji muxtariyyətini gücləndirir" - Adrian-Viktor Vevera


Güclü beynəlxalq tərəfdaşlıq hər bir dövlətə özünün malik olmadığı imkanlara çıxış əldə etməyə, milli səviyyədə istifadə edə biləcəyi bacarıqlar formalaşdırmağa və strateji muxtariyyətini gücləndirməyə imkan verir.
Ordu.az-ın xəbərinə görə, bunu Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun (ICI Bucharest) baş direktoru Adrian-Viktor Vevera Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda çıxışı zamanı deyib.
O bildirib ki, 2024-cü ildə Bakıda keçirilən ilk konfrans çərçivəsində rəhbərlik etdiyi qurum ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu ilə Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzinin yaradılmasına gətirib çıxaran saziş imzalayıb.
A.Veveranın sözlərinə görə, bu təşəbbüs ICI Bucharest üçün Avropanın təhlükəsizlik sahəsində şəbəkələşmə prosesində yeni mərhələnin başlanğıcı olub və Bakı kiberdiplomatiya sahəsində ilk tvinninq mərkəzinə ev sahibliyi edib.
O qeyd edib ki, həmin vaxtdan etibarən mərkəz kiberdiplomatiya üzrə təlimlər keçirmək üçün müxtəlif qurumların rəsmilərini bir araya gətirib.
“Bu konfransın nələrə nail ola biləcəyini göstərir. Bu, qurumumuzun birgə işləməyə davam etməsi üçün bir yola çevrildi”, - deyə o bildirib.
A.Vevera vurğulayıb ki, builki konfransın “Rəqəmsal dövrdə güc və təsir: dəyişən kiber mənzərəyə regional baxış” mövzusu texnoloji geosiyasətlə beynəlxalq təhlükəsizliyin kəsişməsində dayanan mühüm məsələləri əhatə edir.
O bildirib ki, süni intellekt artıq yalnız innovasiya aləti deyil, həm də xarici siyasətdə və diplomatiya üçün yeni qaydaların müəyyənləşdirilməsində həlledici amilə çevrilib.
“Bu, texnoloji dünyadakı diplomatiya haqqında müzakirədir və kiberdiplomatiya bu sahədə yeni bir yoldur”, - deyə A.Vevera qeyd edib.
Onun sözlərinə görə, hazırda informasiya müharibələrinin idarə olunmasından və rəqəmsal dövrdə müdafiədən tutmuş, kiberməkanda məsuliyyətli dövlət davranışının və hesabatlılığın müəyyənləşdirilməsinə qədər mürəkkəb çağırışların həllinə ehtiyac var.
A.Vevera diqqətə çatdırıb ki, builki konfransda süni intellektin güc və təsir balansını necə dəyişdirdiyi məsələsinə xüsusi diqqət yetirilir.
O qeyd edib ki, dövlət qurumları üçün əsas suallardan biri heç bir ölkənin təkbaşına nəzarət etmədiyi texnoloji infrastruktura və ekspertizaya güvəndikləri halda müstəqil qərarlar qəbul etmək üçün nə qədər manevr imkanına malik olmalarıdır.
“Strateji muxtariyyət və beynəlxalq əməkdaşlıq məhz burada birləşir. Mən strateji muxtariyyəti ölkənin adətən istifadə etdiyi imkanlar artıq mövcud olmadıqda hələ də verə biləcəyi seçimlərlə ölçərdim”, - deyə o bildirib.
A.Veveranın sözlərinə görə, bu zaman bir sıra mühüm suallar ortaya çıxır: ölkə vacib xidmətlərin işləməsini təmin edə bilirmi, vəziyyəti müstəqil qiymətləndirə bilirmi və tərəfdaşlardan heç birindən tam asılı olmadan onlara müraciət edə bilirmi?
O vurğulayıb ki, güclü tərəfdaşlıq hər bir tərəfə fəaliyyət göstərmək üçün daha geniş imkanlar yaradır.
“Bu, hər bir tərəfdaşa özünün malik olmaya biləcəyi imkanlara çıxış verir və öz ölkəsində istifadə edə biləcəyi bacarıqlar formalaşdırmağa kömək edir. Əməkdaşlığı strateji muxtariyyətlə uzlaşdıran məhz budur”, - deyə o əlavə edib.
O bildirib ki, bu məsələ enerji, nəqliyyat və rəqəmsal şəbəkələrin Qara dəniz regionunu Cənubi Qafqazla birləşdirdiyi coğrafiyada xüsusi əhəmiyyət daşıyır.
“Qara dəniz Rumıniyanın, Cənubi Qafqaz isə Azərbaycanın xüsusi maraq göstərdiyi regiondur”, - deyə A.Vevera qeyd edib.
O diqqətə çatdırıb ki, kiberinsident bir operatordan başlaya bilər, lakin vacib xidmətlərin işlək vəziyyətdə saxlanılması bir neçə ölkədəki qurumların birgə fəaliyyətini tələb edə bilər.
A.Veveranın sözlərinə görə, süni intellekt problemi daha tez aşkarlamağa kömək edə bilər, lakin insidentə birgə cavab vermək qabiliyyəti hadisədən əvvəl qurulmuş münasibətlərdən və vəziyyət tam aydın olmadıqda belə məlumatları bölüşmək istəyindən asılıdır.
O bildirib ki, 2024–2026-cı illərdə həyata keçirilən “Cyber Polygon” layihəsi çərçivəsində ICI Bucharest və azərbaycanlı tərəfdaşlar bu əməkdaşlığı enerji sektorunda praktiki müstəvidə tətbiq ediblər.
“Bu, birlikdə hazırlaşdığımız zaman nələrə nail ola biləcəyimizin bir nümunəsidir. Bu, region üçün daha geniş bir prioritetə işarə edir. Yeni əlaqələr qurduqca, onları əvvəldən necə təhlükəsiz saxlamağı planlaşdırmalıyıq”, - deyə o vurğulayıb.
A.Vevera gələcəkdə regional əməkdaşlığın daha da genişləndirilməsi üçün imkanların olduğunu bildirib.
O qeyd edib ki, noyabrın 16-da Brüsseldə keçirilən nazirlər görüşündə Avropa İttifaqının və tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın nümayəndələri regional təhlükəsizlik və bağlantı sahəsində əməkdaşlığın gücləndirilməsi öhdəliyini bir daha təsdiqləyiblər.
Onun sözlərinə görə, bu əməkdaşlıq Qara dəniz regionunu və Cənubi Qafqazı, eləcə də Mərkəzi Asiyaya doğru uzanan istiqaməti əhatə edir. Nəqliyyat, rəqəmsal texnologiyalar və enerji sahələri tərəflərin ümumi maraq dairəsindədir.
A.Vevera bildirib ki, Rumıniya ilə Azərbaycan arasında bağlantıların genişlənməsi kibertəhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətini daha da artırır.
“Birlikdə işləməklə hər birimizin öz ölkəsində istifadə edə biləcəyi ekspertiza yaradır və bütün regionda güvəndiyimiz infrastrukturu qorumağa hazırlaşırıq”, - deyə o qeyd edib.
İnstitutun baş direktoru çıxışının yekununda bildirib ki, kiberdiplomatiya, strateji alyanslar və əməkdaşlıq çərçivələrinin həyata keçirilməsi qarşılıqlı etimadın, sərhədlərarası dayanıqlığın və strateji muxtariyyətin formalaşdırılması üçün əsas təməli təşkil edir.
O, konfrans çərçivəsində kiberməkanın gələcəyini formalaşdıran ideyalar, çağırışlar və imkanlarla bağlı müzakirələrin aparılmasının, fikir mübadiləsinin və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Ordu.az
1 mənbə