Güclü külək Bakıda ölümcül təhlükələr yarada bilər – Ekspertdən AÇIQLAMA


XƏBƏRLƏR SON DƏQİQƏ
19 noyabr 2026 10:16 424 baxış
Bakıda müşahidə olunan güclü küləklər müxtəlif təhlükəsizlik problemlərini gündəmə gətirib. Küləyin təsiri nəticəsində ağacların aşması, tikililərin ayrı-ayrı hissələrinin qopması, reklam konstruksiyalarının zədələnməsi və insanların təhlükə ilə üzləşməsi bu məsələyə diqqəti artırıb. Xüsusilə paytaxtın güclü küləklərə nə dərəcədə hazır olması və qabaqlayıcı təhlükəsizlik tədbirlərinin effektivliyi müzakirə mövzusuna çevrilib.
Bakıda güclü küləklər zamanı insanların həyat və sağlamlığı üçün əsas təhlükələr hansılardır?
Təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev Ekologiya.az-a açıqlamasında deyib ki, Bakı coğrafi mövqeyinə görə güclü küləklərin müşahidə olunduğu şəhərlərdən biridir:
“Belə hava şəraitində əsas təhlükə təkcə küləyin sürəti deyil, həm də şəhər infrastrukturunun külək yüklərinə qarşı dayanıqlığıdır.
Xüsusilə ağacların aşması, dam örtüklərinin, fasad elementlərinin, reklam lövhələrinin və digər konstruksiyaların qoparaq insanların üzərinə düşməsi ciddi xəsarətlərə, hətta ölüm hallarına səbəb ola bilər.
Tikinti meydançalarında qaldırıcı kranlar, müvəqqəti konstruksiyalar və hündürlükdə aparılan işlər əlavə risk yaradır. Güclü külək nəqliyyat vasitələrinin idarə edilməsini də çətinləşdirir.
Burada vacib məqam odur ki, güclü külək təbii hadisədir, lakin onun yaratdığı təhlükələrin əhəmiyyətli hissəsini qabaqlayıcı texniki və təşkilati tədbirlərlə azaltmaq mümkündür”.
O sonda qeyd edib ki, risklərin idarə edilməsi hadisə baş verdikdən sonra deyil, əvvəlcədən aparılmalıdır:
“Yaşayış binalarının dam örtükləri, fasad üzlükləri, reklam konstruksiyaları və digər elementlər mütəmadi texniki müayinədən keçirilməli, bərkidilmə sistemlərinin etibarlılığı yoxlanılmalıdır.
Ağacların vəziyyəti isə mütəxəssislər tərəfindən qiymətləndirilməli, qurumuş, xəstə, kök sistemi zəifləmiş və aşma riski olan ağaclarla bağlı müvafiq tədbirlər görülməlidir.
Xüsusilə məktəblərin, xəstəxanaların, dayanacaqların və insanların sıx hərəkət etdiyi ərazilərin təhlükəsizliyinə üstünlük verilməlidir.
Təhlükəsizliyin əsas prinsipi sadədir: təhlükəni əvvəlcədən müəyyən etmək, riski qiymətləndirmək və hadisə baş vermədən aradan qaldırmaq.
Şəhərin hazırlıq səviyyəsi yalnız hadisədən sonra görülən işlərlə deyil, hadisələrin qarşısının nə dərəcədə alınması ilə qiymətləndirilməlidir.
Məsələn, noyabrın 15–16-da müşahidə olunan güclü külək nəticəsində Bakıda 32 ağacın sınması, 36 ağacın isə budaqlarının qırılması barədə rəsmi məlumat verilib. Bu fakt qabaqlayıcı monitorinqin əhəmiyyətini bir daha göstərir.
Hesab edirəm ki, şəhər üzrə təhlükə yarada biləcək ağacların, damların, fasadların və reklam konstruksiyalarının risk əsaslı reyestri formalaşdırılmalı, müayinələr planlı şəkildə aparılmalıdır. Meteoroloji xəbərdarlıqlar əsasında təhlükəli ərazilərə giriş müvəqqəti məhdudlaşdırılmalı, zəruri hallarda açıq havada aparılan işlər dayandırılmalıdır.
Əsas məqsəd küləyin fəsadlarını aradan qaldırmaq deyil, həmin fəsadların insan həyatına təhlükə yaratmasının qarşısını əvvəlcədən almaq olmalıdır.
Vətəndaşlar da güclü külək zamanı ağacların, elektrik xətlərinin, reklam lövhələrinin və binaların təhlükəli hissələrinin yaxınlığında dayanmamalı, təhlükə müşahidə etdikdə 112 xidmətinə məlumat verməlidirlər. Bu, Fövqəladə Hallar Nazirliyinin tövsiyələrinə də uyğundur”.
Aysel Muxtar
1 mənbə
