GTA 6-da Azərbaycan sürprizi: Alim Qasımov dünyanı heyrətləndirdi - Video


Azərbaycan muğamı dünyanın ən çox gözlənilən videooyunlarından biri olan GTA 6 vasitəsilə beynəlxalq auditoriyanın diqqət mərkəzinə düşüb. Xalq artisti, dünyaşöhrətli xanəndə Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımovanın ifası oyunun musiqi siyahısına daxil edilib və xarici oyun mediasının diqqətini çəkib.
Ölkə.Az xəbər verir ki, söhbət məşhur kanadalı müğənni Nelli Furtadonun “Say It Right” mahnısının A.Qasımov və F.Qasımova tərəfindən muğam üslubunda təqdim edilən fərqli versiyasından gedir. Bu ifa GTA 6-nın “Kaleidoscope FM” radiostansiyasında səslənir. Maraqlıdır ki, bu, Nelli Furtadonun orijinal ifası deyil. Alim Qasımov və Fərqanə Qasımova məşhur pop mahnısını Azərbaycan muğamının özünəməxsus ifa tərzi ilə yenidən təqdim ediblər. Tar, kamança və dəfin müşayiəti, xanəndələrin vokal imkanları və muğamın improvizasiya xüsusiyyətləri bir araya gəlib. Nəticədə dünya pop musiqisinin tanınmış nümunəsi tamamilə fərqli musiqi çalarları qazanıb.
Bu seçim beynəlxalq oyun mediasının da diqqətindən yayınmayıb. Belə ki, “GameSpot” nəşrində yayımlanan məqalənin müəllifi Alim və Fərqanə Qasımovanın ifasını GTA 6-nın ən yaxşı mahnısı kimi qiymətləndirib. İfanın diqqətçəkən tərəfi tanınmış Qərb pop melodiyasının Şərq musiqi ənənələri, xüsusilə də Azərbaycan muğamı ilə birləşməsidir.
GTA 6-nın “Kaleidoscope FM” radiostansiyasının konsepsiyası da məhz bu cür qeyri-adi musiqi sintezinə əsaslanır. Burada dünyanın müxtəlif ölkələrindən olan ifaçıların məşhur mahnılara verdikləri fərqli musiqi yozumları təqdim edilir. Radionun aparıcısı isə “Oskar” mükafatlı britaniyalı aktyor Ceremi Ayronsdur.
“Rockstar Games” şirkətinin musiqi üzrə vitse-prezidenti İvan Pavloviç bu ideyanın şirkətin həmtəsisçisi Sem Hauzerin sevimli mahnılarının xarici dillərdəki versiyalarına marağından yarandığını bildirib.
Bu hadisənin Azərbaycan üçün əhəmiyyəti yalnız məşhur videooyunda yer almaqla məhdudlaşmır. Söhbət milli musiqi irsimizin müasir qlobal mədəniyyətin ən böyük platformalarından birində təqdim edilməsindən gedir. Bu ifa Azərbaycan muğamının dünyanın müxtəlif ölkələrində milyonlarla oyunçuya çatmasına imkan yarada bilər. Beləliklə, Alim Qasımov və Fərqanə Qasımovanın ifası bir daha göstərir ki, muğam yalnız milli musiqi irsimiz deyil, həm də fərqli mədəniyyətləri bir araya gətirə bilən universal sənət nümunəsidir.
Azərbaycan muğamı bu dəfə konsert salonlarında deyil, GTA 6-nın virtual dünyasında beynəlxalq auditoriyanın qarşısına çıxıb.
Mürtəza Bünyadlı
1 mənbə
