Fransada etirazlar günü polis xüsusi təyinatlıları xidmətə çıxmadı


Fransada noyabrın 17-də keçirilən ümumxalq etirazları zamanı polis qüvvələrinin xüsusi bölmələrindən biri xidmətə çıxmaqdan imtina edib. Söhbət CRS 8 xüsusi polis bölməsindən gedir.
Tiraj.az xəbər verir ki, bu barədə BFMTV telekanalı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, bölmənin bütün əməkdaşları həmin gün həkimə müraciət etməli olduqlarını bildiriblər. Nəticədə rəhbərlik onların etiraz aksiyalarının keçirildiyi ərazilərdə xidmətə göndərilməsini təmin edə bilməyib.
Polislərdən biri bu qərarı əməkdaşlar arasında yaranan ümumi yorğunluq və onlara verilən tapşırıqlardan narazılıqla izah edib. Onun sözlərinə görə, əməliyyatlara çevik müdaxilə etmək əvəzinə, əməkdaşlar əsasən sabit postlarda xidmət aparmağa cəlb olunublar. Bu isə onların ixtisaslaşdığı fəaliyyət istiqamətinə uyğun gəlməyib.
“Unite” polis həmkarlar ittifaqı da yüzlərlə əməkdaşın həddindən artıq yorğunluqdan əziyyət çəkdiyini açıqlayıb.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, noyabrın 17-də ölkə üzrə etiraz aksiyalarına təxminən 150 min nəfər qatılıb. Onlardan 28 mini Parisdə iştirak edib. Bununla belə, CGT həmkarlar ittifaqı nümayişçilərin sayının ölkə üzrə 500 mini, paytaxtda isə 175 mini keçdiyini iddia edib.
Etirazçılar dövlət sektorunda çalışanların əməkhaqlarının artırılmasını tələb edib, həmçinin yaşayış xərclərinin yüksəlməsinə etirazlarını bildiriblər.
Arif