Fransada A321MPA dəniz patrul təyyarələrinin qiyməti 12 milyard avroya çatıb, alternativlər də cəlbedici görünmür


Fransa A321MPA dəniz patrul təyyarələri proqramı ilə bağlı çətin seçim qarşısındadır: 12 milyard avroya yaxın vəsait xərcləmək, layihəni yenidən nəzərdən keçirmək və ya ABŞ istehsalı olan təyyarələri satın almaq.
Fransa A321XLR təyyarəsi əsasında A321MPA dəniz patrul təyyarələrinin hazırlanmasını nəzərdə tutan PATMAR proqramının gələcəyi ilə bağlı qərar verməyə çalışır. Daha əvvəl proqramın dəyərinin 4,57 milyard avroya yüksəldiyi bildirilirdi. Bu isə ciddi problem yaratmışdı. İndi isə məlum olur ki, layihənin dəyəri 10 milyard avronu ötüb.
Fransalı deputat Fransua Kormye-Bulijen də qiyməti təsdiqləyib. Bildirilib ki, 12 təyyarənin satın alınması üçün nəzərdə tutulan məbləğ 12 milyard avroya yaxınlaşır. Bu rəqəm gələcək “France Libre” atom aviadaşıyıcısının dəyərindən də yüksək ola bilər.
Bununla belə, deputat Fransua Kormye-Bulijen birdəfəlik xərclərlə müntəzəm xərcləri fərqləndirməyin vacibliyini vurğulayıb. Belə ki, 12 milyard avronun böyük hissəsini təyyarənin arxitekturasının dəyişdirilməsi kimi birdəfəlik xərclər təşkil edir. Bundan əlavə, işlərin sürətləndirilməsi tələb olunduqda sənaye müəssisələri qiymətləri artırır.
Qiymət artımının səbəblərindən biri A321XLR sərnişin təyyarəsinin dəniz patrul təyyarəsinə çevrilməsi üçün onun 80 faiz yenidən qurulmasının tələb olunmasıdır. Həmçinin layihənin podratçısı olan “Airbus” şirkətindən bu təyyarələrin 15 il ərzində texniki hazırlıq vəziyyətinin dəstəklənməsi ilə bağlı öhdəlik götürməsi tələb olunur.
Nəticədə Fransanın Silahlanma Baş İdarəsi (DGA) “Airbus” və “Dassault” şirkətlərini yenidən danışıqlar masasına dəvət edə biləcəyini düşünür. “Dassault” 2024-cü ildə dəniz patrul təyyarəsi roluna “Falcon 10X” biznes-jetini təklif etmişdi. Lakin digər səbəblərlə yanaşı, daha baha hesab edildiyi üçün layihədə qalib gələ bilməmişdi.
İndi isə vəziyyət əks istiqamətdə dəyişir. “Falcon 10X” biznes-jetinin artıq ilk uçuşunu həyata keçirməsi də bu təklifə marağı artıra bilər. Əvvəllər bu, layihənin əsas problemlərindən biri hesab olunurdu. Bununla belə, “Dassault” şirkətinin təklifi Fransa Hərbi Dəniz Qüvvələrinin tələblərinə də uyğun gəlmirdi.
Beləliklə, Fransa qarşısında iki əsas seçim qalır: “Airbus”un bahalı layihəsinə vəsait yatırmaq və ya seçim prosesinə yenidən başlamaq. Bununla yanaşı, üçüncü variant da mövcuddur. Fransa Almaniyanın etdiyi kimi Amerikanın P-8A “Poseidon” təyyarələrini satın ala bilər. Almaniya daha əvvəl dəniz patrul təyyarəsinin birgə hazırlanması layihəsindən çıxaraq bu təyyarələri seçmişdi. Lakin belə qərar Fransada ciddi tənqidlərə səbəb ola bilər.
P-8A “Poseidon” təyyarələrinin seçilməsi Fransanın ABŞ-dən silah və hərbi texnika satın alınmasına qarşı mövqeyi nəzərə alınmaqla “siyasi fəlakət” kimi qiymətləndirilə bilər. Bundan əlavə, Fransa müdafiə sənayesi, xüsusilə də özünün alternativ təklifləri olduğu halda, belə ssenarinin həyata keçirilməsinə imkan verməyə bilər.
A321XLR bazasında PATMAR layihəsinə qayıtsaq, 12 təyyarə üçün təxminən 12 milyard avro ayrılması bir təyyarənin dəyərinin təxminən 1 milyard avro olması deməkdir. Müqayisə üçün qeyd edək ki, kommersiya mülki təyyarəsi əsasında yaradılan Amerikanın P-8 “Poseidon” analoqunu təxminən 200 milyon dollara, yaxud 182 milyon avroya almaq mümkündür. Lakin bu məbləğə layihənin hazırlanması xərcləri daxil deyil. Buna görə də birbaşa müqayisə tam ədalətli olmazdı.
Ümumilikdə Fransanın vəziyyəti olduqca mürəkkəbdir. Maliyyə çətinlikləri səbəbindən ölkə bütün zəruri layihələri maliyyələşdirə bilmir. Eyni zamanda, Almaniya ilə mövqelərindəki fikir ayrılıqları nəticəsində Fransa yeni qırıcı təyyarə, tank və digər sistemləri müstəqil şəkildə hazırlamaq məcburiyyətində qalıb. Buna görə də 12 milyard avroluq belə böyük məbləğ, xüsusilə aviadaşıyıcının dəyəri ilə müqayisədə, Fransa üçün ciddi maliyyə yüküdür.
Sevinc Əliyeva Ordu.az