Fransa 2029-cu ildə artımı 2,5 dəfə artırsa belə, bir Almaniya zavodundan daha az 155 mm-lik mərmi istehsal edəcək


Fransa 155 mm-lik artilleriya mərmilərinin illik istehsalını 60 mindən 150 minə çatdırmağı planlaşdırır, lakin bu göstərici Almaniyanın yalnız bir zavodunun istehsal gücündən aşağı olacaq.
Fransanın Silahlanma Baş İdarəsi (DGA) “KNDS Ammo France” şirkəti ilə 155 mm-lik artilleriya sursatlarının istehsalının artırılması barədə razılaşma imzalayıb. Söhbət illik istehsalın 60 min mərmidən 150 min mərmiyə çatdırılmasından, yəni həcmin 2,5 dəfə artırılmasından gedir.
Bu istehsal səviyyəsinə 2029-cu ilə qədər çatılması planlaşdırılır. Başqa sözlə, layihənin həyata keçirilməsi üçün üç ildən az vaxt nəzərdə tutulub. DGA vurğulayır ki, belə artım Fransanın suveren sənayesinin qarşıya qoyduğu vəzifələrə uyğundur. Bu sənaye ölkəni və onun tərəfdaşlarını böyük həcmdə sursatla təmin etməlidir.
“KNDS Ammo France” Fransada 155 mm-lik mərmilərin əsas istehsalçısı və tədarükçüsüdür. Buna görə də açıqlanan rəqəmləri faktiki olaraq bütün ölkə üzrə ümumi istehsal həcmi hesab etmək olar.
Hazırkı vəziyyətdə bu göstəricilər kifayət qədər şübhəli görünür. Çünki Rusiya-Ukrayna müharibəsi dövründə Avropanın digər ölkələri istehsal həcmlərini artırıblar. Buna həm Ukrayna Müdafiə Qüvvələrinin, həm də hərbi yardım göstərdikdən sonra arsenallarını bərpa etməyə və uzun illər davam edən durğunluqdan sonra ehtiyatlarını artırmağa çalışan Avropa ordularının böyük tələbatı təkan verib.
Müqayisə üçün qeyd edək ki, “Rheinmetall” şirkətinin Almaniyanın Unterlüß şəhərində yerləşən yeni zavodunun yalnız 2026-cı ildə 160 min artilleriya sursatı istehsal etməsi planlaşdırılır. 2027-ci ildə isə bu göstəricinin ildə 350 min ədədə çatdırılması nəzərdə tutulur. Beləliklə, Fransa dörd il sonra Almaniyanın hazırda yalnız bir zavodunun istehsal etdiyindən daha az mərmi istehsal edəcək. Halbuki Almaniyada bu istiqamətdə fəaliyyət göstərən müəssisələr bununla məhdudlaşmır və yeni sənaye sahələrinin tikintisi də davam etdirilir.
Təbii ki, Avropada belə böyük istehsal göstəricilərinə malik olmayan ölkələr də tapmaq mümkündür. Lakin burada bir məqam var: Fransa özünün suveren müdafiə sənayesi vasitəsilə ehtiyaclarını müstəqil şəkildə təmin etməyə çalışdığını daim vurğulayır. Bundan əlavə, Paris daha əvvəl Ukrayna üçün artilleriya sursatlarının Avropadan kənarda satın alınmasına qarşı çıxış edib. Buna görə də Fransanın müdafiə sənayesinin imkanları ilə bağlı gözləntilər daha yüksəkdir.
Bu vəziyyətin yaranmasının əsas səbəblərindən biri uzun illər davam edən durğunluq və müdafiə sifarişlərinin kifayət qədər olmamasıdır. Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra vəziyyət dəyişməyə başlasa da, bütün ölkələr müdafiə istehsalını lazımi səviyyədə artıra bilməyib. Fransa da bu ölkələr sırasındadır. Daha əvvəl ölkənin müdafiə xərcləri baxımından Almaniyadan necə geri qaldığı da müqayisə edilib.
Xatırladaq ki, Fransa bu il Almaniya ilə altıncı nəsil FCAS qırıcı təyyarəsi və yeni nəsil MGCS tankı layihələri üzrə fikir ayrılığı yaşayıb. Sonuncu məsələ daha böyük problemə çevrilir, çünki fransızlar “Leclerc” tankını sıfırdan istehsal etmək imkanını itiriblər.
Sevinc Əliyeva Ordu.az