Fəxrəddin Salim: Ozanlıq xalqın milli yaddaşını və mənəvi dünyasını yaşadan sənət modelidir- MÜSAHİBƏ


Bakı, 19 noyabr, AZƏRTAC
Ozanlıq mədəniyyətimizin ən qədim ənənələrindən biri olmaqla, xalqımızın düşüncə tərzini, dünyagörüşünü, mənəvi dəyərlərini və tarixi yaddaşını nəsildən-nəslə ötürən mühüm mədəniyyət hadisəsidir. Azərbaycan xalqının milli kimliyinin formalaşmasında xüsusi yer tutan bu ənənə sonrakı dövrlərdə aşıq sənətinin inkişafına da təsir göstərib. “Kitabi-Dədə Qorqud” dastanından Səfəvilər dövrünə, oradan müasir aşıq yaradıcılığına qədər uzanan bu mədəni xətt ozanlığın yalnız musiqi və ifaçılıq deyil, həm də fəlsəfi düşüncə və mənəvi irs daşıyıcısı olduğunu təsdiqləyir. Ozanlıq və aşıq sənətinin tarixi əlaqələri, milli yaddaşın qorunmasındakı rolu, Azərbaycan musiqisində sufi-təsəvvüf ənənələrinin yeri, eləcə də bu zəngin irsin müasir dövrdə yaşadılması və gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Milli Konservatoriyasının müəllimi, fəlsəfə doktoru, dosent Fəxrəddin Salim AZƏRTAC-a müsahibəsində ozanlıq sənətinin tarixi kökləri, Azərbaycan xalqının milli kimliyinin formalaşmasında rolu, aşıq sənəti ilə əlaqələri və musiqi mədəniyyətimizdə sufi ənənələrinin fəlsəfi mahiyyəti barədə danışıb:
- Ozanlıq sənəti qədim tarixə malikdir. Onun kökləri “Ergenekon” və “Yaradılış” dastanlarından başlayaraq, “Kitabi-Dədə Qorqud”, “Manas”, “Koroğlu” kimi dastanlarla davam edən mədəni prosesin tərkib hissəsidir.
Azərbaycan xalqı milli kimliyinin formalaşmasında ozanlığa böyük yer verib. Ozanlıq xalqın düşüncə tərzini, dünyagörüşünü, fəlsəfi baxışlarını və mənəvi dəyərlərini yaşadan mədəniyyət hadisəsidir.
XVI əsrin əvvəllərində Səfəvilər dövlətinin qurulması ilə azərbaycançılığın siyasi və ideoloji təməlləri möhkəmləndi. Səfəviliyin əsas qaynaqlarından biri də ozanlıq və aşıqlıq ənənəsi idi. Dövlətin qurucusu Şah İsmayıl Xətai əruzla yanaşı, heca vəznində də yazırdı. Əminəm ki, o, sazı əlinə alaraq ozanlıq ənənəsini də yaşadırdı. Necə ki, özü belə deyirdi:
“Bir gün ələ almaz oldum mən sazım,
Ərşə dirək-dirək çıxar avazım.
Dörd şey vardı bir qardaşa lazım:
Bir elm, bir kəlam, bir nəfəs, bir saz”.
Ozanlıq bir xalqın düşüncə tərzini, həyat modelini və dünyagörüşünü şifahi ənənə vasitəsilə yaşatmaq, qorumaq və gələcək nəsillərə ötürməkdir. Bu baxımdan onun milli kimliyimizin formalaşmasında müstəsna rolu var.
- “Kitabi-Dədə Qorqud” dastanı ozanlıq ənənəsinin öyrənilməsində hansı əhəmiyyətə malikdir?
- “Kitabi-Dədə Qorqud” türk xalqlarının ən mühüm qədim yazılı-bədii abidələrindən və ümumtürk mədəni müştərəkliyinin əsas simvollarından biridir. Dastanın müxtəlif türk xalqları arasında fərqli variantları olsa da, Qorqud Ata obrazı və onunla bağlı mənəvi irs xüsusi əhəmiyyətə malikdir. Qorqud deyəndə ozan, ozan deyəndə isə ilk növbədə Dədə Qorqud yada düşür.
Dastan haqqında işlədilən “Əla lisani taifeyi-Oğuzan” ifadəsi “Oğuz tayfalarının dilində” mənasını verir. Oğuzluqla ozanlıq arasında sıx bağlılıq var. “Kitabi-Dədə Qorqud” oğuz tayfalarının həyatını, məişətini, qəhrəmanlığını və dünyagörüşünü əks etdirən mühüm abidədir.
Dastanda ozan haqqında “Qolça qopuz götürüb eldən-elə, bəgdən-bəgə ozan gəzər” kimi ifadələrə rast gəlirik. Ozan yalnız musiqi ifaçısı deyil, elin yaddaşını, mənəvi dünyasını və düşüncə tərzini özündə daşıyan şəxsiyyətdir.
- Ozanlıq və aşıq sənəti arasında hansı ortaq və fərqli cəhətlər mövcuddur?
- Hər iki sənət növü ilkin mərhələdə ilahi və sakral düşüncə modelinin ifadəsi olub. Sonrakı dövrdə isə bu ənənələr sənət formasına çevrilib.
Mənim qənaətimə görə, müasir Azərbaycan aşıq sənətinin əsas problemlərindən biri onun ilkin fəlsəfi məzmununun zəifləməsidir. Xətainin, Qurbaninin, Abbasın, Miskin Abdalın, Aşıq Alının və Aşıq Ələsgərin yaradıcılığı sakral və irfani düşüncənin zəngin nümunələridir. Lakin müasir aşıq sənətində həmin fəlsəfi dərinlik əvvəlki səviyyədə hiss olunmur. Məncə, problem sənətin özündə deyil, onun bəzi daşıyıcılarının dünyagörüşündədir.
Ozanlıqdan aşıqlığa keçid təxminən XV-XVI əsrlərdə Azərbaycan, tarixi Azərbaycanla bağlı İran əraziləri və Anadolu coğrafiyasında baş verib. Aşıq sözünün mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəziləri onu “işıq” və “ışk” sözləri ilə əlaqələndirir, digər yanaşmaya görə isə “aşiq” anlayışından yaranıb. Mənim şəxsi qənaətim ikinci yanaşmaya yaxındır.
Ozanlıqda təsəvvüf elementləri əvvəldən mövcud olsa da, İslamın yayılması və onun mənəvi-irfani qatının xalq mədəniyyətinə nüfuz etməsi aşıqlığın fəlsəfi əsaslarına yeni məzmun qazandırıb. Nəsimi, Xətai və Mənsur Həllac kimi şəxsiyyətlərin düşüncə modeli xalq mədəniyyətində dərin izlər buraxıb. Bu baxımdan aşıqlıq təkcə saz çalıb oxumaq deyil, həm də irfani düşüncəni yaşatmaq missiyasıdır.
Anadolunun Ələvi-Bəktaşi sufi çevrələrində “Yeddi ulu ozan” anlayışı mövcuddur. Həmin ənənədə Xətai, Nəsimi və Füzuli də bu sırada yer alırlar. Nəsimi və Füzuli klassik əruz ədəbiyyatının nümayəndələri olsalar da, ozan hesab edilirlər. Deməli, ozanlıq yalnız saz çalıb şeir söyləməklə məhdudlaşmır, həm də müəyyən fəlsəfənin və mənəvi dünyagörüşünün daşıyıcısıdır.
- Ozanlıq sənəti ilə aşıq yaradıcılığı arasında hansı tarixi və bədii əlaqələr mövcuddur?
- Aşıqlıq ozanlıqdan inkişaf edərək formalaşan sənət növüdür. Aşıqlar həm də ozandırlar, ancaq ozanların hamısını aşıq adlandırmaq olmaz. Aşıqlıq müstəqil inkişaf mərhələsinə qədəm qoyarkən ozanlıq ənənəsinin formasını və məzmununu müəyyən dərəcədə qoruyaraq yeni sənət mərhələsinə çevrilib. Buna görə də aşıqlıq ozanlığın inkarı deyil, inkişafıdır.
Mən də özümü aşıq deyil, ozan hesab edirəm. Yaradıcılığım, saz üçün bəstələrim və şairliyim daha çox ozanlıq modelinə əsaslanır. Təsəvvüf fəlsəfəsinə söykənən ozanlıq ənənəsini, dolayısı ilə haqq aşıqlığı düşüncəsini yaşatmağa çalışıram.
- Ozanlıq ənənələri aşıq sənətinin formalaşmasına necə təsir göstərib?
- Azərbaycan aşıq sənətinin yaranması alimlərin ümumi qənaətinə görə, XV əsrin sonu, XVI əsrin əvvəllərinə təsadüf edir. Bu proses birbaşa və ya dolayısı ilə Azərbaycan Səfəvilər dövlətinin yaranması ilə bağlıdır.
Ozanlıq Azərbaycanla yanaşı, Anadolu, Balkanlar, Şimali İraq, Xorasan, Türkmənistan və digər əraziləri əhatə edən geniş oğuz coğrafiyasında mövcud olub. Səfəvilərin timsalında azərbaycanlıların mədəni modeli siyasi hakimiyyət səviyyəsinə yüksəldikcə aşıqlıq da ozanlıqdan ayrılaraq müstəqil sənət istiqaməti kimi inkişaf edib.
Bu baxımdan Şah İsmayıl Xətainin Aşıq Qurbanini saraya dəvət etməsi və onu “aşıqlar aşığı” elan etməsi xüsusi əhəmiyyət daşıyır. Xalq sənətkarının sarayda yüksək qiymətləndirilməsi aşıq sənətinin nüfuzunun artmasına mühüm təsir göstərib.
- Bu musiqi ənənələrinin qorunması və tətbiqi baxımından hansı məsələlər aktualdır?
- İlk növbədə, sufi musiqi ənənəsinin Azərbaycanda yenidən yaşadılması və praktik müstəvidə mövcud olması lazımdır. Bunun üçün dini musiqi ilə sufi musiqisi arasındakı fərqi nəzərə almaq vacibdir. Din və sufizm eyni anlayışlar deyil. Sufizm dinin batini, irfani və fəlsəfi qatına əsaslanan düşüncə sistemidir.
Türkiyədə məscid musiqisi ilə sufi musiqisi, başqa sözlə, təkkə musiqisi bir-birindən fərqləndirilir. Azərbaycanda isə bu gün müstəqil və sistemli sufi musiqisi ənənəsinin mövcud olduğunu söyləmək çətindir.
Bununla belə, ömrümün sonuna qədər bu ənənəni yaşatmaqda israrlıyam. Çünki Azərbaycan xalqının mədəniyyətində, musiqisində, ədəbiyyatında və fəlsəfəsində təsəvvüf və irfan ənənəsi də mövcuddur. Dünyəviliklə üxrəvilik, zahiri musiqi ilə batini duyğuları ifadə edən sənət bir-birinə qarşı qoyulmamalıdır. Onların arasında qarşılıqlı hörmət qorunmalıdır.
Müəllif - Lalə Minasazova
