Fernando Alonso 7 ildən sonra Dakar rallisinə qayıdır


“Formula-1” üzrə ikiqat dünya çempionu Fernando Alonso 2027-ci ildə keçiriləcək Dakar rallisində iştirak edəcək.
Xitab24.az EFE-yə istinadən xəbər verir ki, 45 yaşlı ispaniyalı pilot yarışda “Aston Martin” komandasının heyətində çıxış edəcək.
Alonso doqquzqat dünya ralli çempionu Sebastyen Löb və ralli-reyd üzrə dünya çempionu Lukas Moraeslə birlikdə komandanı təmsil edəcək. Hər üç pilot “Aston Martin Dreadnought” avtomobilini idarə edəcək.
İspaniyalı sürücünün köməkçi pilotu Mark Koma olacaq. Onlar 2020-ci ildə “Toyota Gazoo Racing” komandasının heyətində Dakar rallisinə qatılıblar. Alonso həmin yarışda ümumi sıralamada 13-cü yeri tutub, səkkizinci mərhələdə isə ikinci nəticəni göstərib.
Alonso açıqlamasında Dakar rallisinin karyerasının ən çətin, eyni zamanda ən yaddaqalan təcrübələrindən biri olduğunu bildirib. O, Mark Koma ilə yenidən əməkdaşlıq etməkdən məmnunluğunu ifadə edib.
Təcrübəli pilot əsas prioritetinin “Formula-1” olaraq qaldığını vurğulasa da, hər iki yarışda iştirak etmək qərarına gəldiyini açıqlayıb.
Qeyd edək ki, 49-cu dəfə keçiriləcək Dakar rallisi 2027-ci il yanvarın 9-dan 23-dək Portuqaliya və Mərakeşdə keçiriləcək. Yarış Portuqaliyanın Alqarve bölgəsində başlayacaq və Mərakeşdə başa çatacaq.
Ümumilikdə 7824 kilometrlik marşrutun 4341 kilometri xüsusi sürət mərhələlərindən ibarət olacaq. Yarışın ilk hissəsi Portuqaliyada, qalan mərhələləri isə Mərakeşdə təşkil ediləcək.
Dakar rallisi başa çatdıqdan sonra Alonso “Formula-1” üzrə yeni mövsümə hazırlığını davam etdirəcək. 24 mərhələdən ibarət dünya çempionatı martın 12–14-də Bəhreyndə start götürəcək.
