Fazil Mustafa: "Elektromobillərə verginin tətbiqi ekoloji nəqliyyata keçidi ləngidəcək"


Elektrik avtomobillərinə verginin tətbiq edilməsi ekoloji nəqliyyata keçidi ləngidə bilər.
"Report" xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Onun sözlərinə görə, verginin qoyulması ölkəyə gətirilən elektrik avtomobillərinin qiymətlərinin yüksəlməsinə gətirib çıxaracaq: "Hazırda qiymətlər onsuz da yüksəlməkdədir. Bu, təbii ki, ölkəyə daxil olan elektrik avtomobillərinin sayını da azaldacaq. Yenə də biz dizel və benzinlə işləyən avtomobillərin çoxluğunu müşahidə edəcəyik".
F. Mustafa qeyd edib ki, bu verginin hesabına büdcəyə əslində çox böyük vəsait də daxil olmur: "Əgər güclü vəsait olsaydı, bunu qəbul etmək daha mümkün idi. Hesab edirəm ki, elektrik avtomobillərinin sayının, satış nöqtələrinin azalması, elektrikin və benzin daha az istifadə olunmasına, təmir yerlərinin və iş yerlərinin azalmasına gətirib çıxarır və bununla da büdcəyə daxil olan vəsaitlərin ciddi şəkildə azalması baş verir. Eyni zamanda böyük şirkətlər müxtəlif yollar tapırlar ki, belə vergidən yayınsınlar. Bu da bir çox hallarda neqativ vəziyyətin yaranmasına səbəb olur. Hesab edirəm ki, Vergi məcəlləsinə dəyişikliklərin edilməsi haqqında qanun layihəsində da bu istiqamətdə xeyli dəyişikliklər var. Xüsusilə də kənd təsərrüfatında 90 %-lik güzəştin tətbiqini qeyd etmək istərdim. Bu sahəyə də diqqət yönəltməliyik. Ümumiyyətlə bu sektorda potensialımızın həyata keçirilməsi üçün təklifləri nəzərə almalıyıq".
Deputat bildirib ki, xüsusilə də turizmlə bağlı araşdırsaq, görərik ki, bu potensialı səmərəli istifadə etmirik: "Bundan səmərəli istifadə etsək, Gürcüstandan, Türkiyədən və başqa ölkələrin təcrübəsindən də görünür ki, dövlət büdcəsinin əslində gəlirlər hissəsinə bu imkanla doldurmaq imkanımız var.
Düşünürəm ki, bu yolları tapa bilsək, dövlət büdcəsinin də imkanları genişlənəcək və əhalinin həm sosial rifahının yüksəlməsinə, sosial müavinətlərin verilməsinə və insanların müəyyən dərəcədə yaşayış səviyyəsinin yüksəlməsinə də nail ola bilərik".
Xatırladaq ki, Vergi Məcəlləsinə əsasən, 2019-cu ilin 1 yanvar tarixindən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ƏDV-dən azad edilmişdi. Daha sonra 2022-ci ildən etibarən bu güzəşt həm idxala, həm də satış mərhələsinə şamil olundu. Həmin ildən hibrid avtomobillərin idxalı və satışı da ƏDV-dən azad edilmişdi. Eyni zamanda, Nazirlər Kabinetinin 11 noyabr 2022-ci il tarixli 411 saylı Qərarı ilə istehsal tarixindən 3 ilədək olan elektromobillərin gömrük rüsumu 15 %-dən 0 %-ə endirildi.
2026-cı ilin yanvarın 1-dən hibrid və elektrik mühərrikli minik avtomobillərinin idxalı və satışına tətbiq edilən əlavə dəyər vergisi (ƏDV) güzəştinin müddəti başa çatıb.
1 mənbə