Fatma Yıldırım Bərdənin problemlərini parlamentdə gündəmə gətirdi – Xəstəxana, avtobus və yollarla bağlı təkliflər


Milli Məclisin deputatı Fatma Yıldırım Bərdə rayonunun sosial və infrastruktur problemlərini parlamentin plenar iclasında gündəmə gətirib.
Veten.Az xəbər verir ki, deputat “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Bərdənin inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi və infrastrukturun yenilənməsi ilə bağlı bir sıra təkliflər səsləndirib.
Fatma Yıldırım bildirib ki, 200 minə yaxın əhalisi olan Bərdədə yeni, müasir xəstəxananın inşasına ehtiyac var. Onun sözlərinə görə, vətəndaşlar keyfiyyətli tibbi xidmət almaq üçün böyük şəhərlərə üz tutmaq məcburiyyətində qalmamalıdırlar. Deputat bu məsələnin müvafiq dövlət proqramlarında əksini tapması üçün aidiyyəti qurumlara müraciət edib.
Deputat Bərdədə ictimai nəqliyyat xidmətinin vəziyyətinə də diqqət çəkib. O qeyd edib ki, sərnişindaşıma xidmətində istifadə olunan marşrut avtobuslarının bir qismi köhnəlib və texniki, eləcə də komfort baxımından müasir tələblərə cavab vermir. Bu istiqamətdə seçicilərdən çoxsaylı müraciətlərin daxil olduğunu bildirən Fatma Yıldırım müasir standartlara uyğun avtobusların istifadəyə verilməsinin vacibliyini vurğulayıb.
Çıxış zamanı rayonun yol infrastrukturu ilə bağlı problemlər də diqqətə çatdırılıb. Deputat Türkmən, Həsənqaya, Qayalı, Çəmənli, Birinci Qazaxlar, Şorəlli, Hacıəhmədli və Cumalar kəndlərinin yollarının əsaslı təmirə ehtiyacı olduğunu bildirib.
Bununla yanaşı, Bərdə şəhərinin bir sıra küçə və ara yollarında asfalt örtüyünün yenilənməsinin vacibliyini qeyd edib. Bu işlərin mərhələli şəkildə dövlət investisiya proqramına daxil edilməsini və aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görülməsini xahiş edib.
Fatma Yıldırım çıxışında büdcə vəsaitlərinin səmərəli və məqsədyönlü istifadəsinin, ayrılan maliyyə resurslarının konkret iqtisadi və sosial nəticələrə çevrilməsinin vacibliyini də vurğulayıb.
Deputatın səsləndirdiyi təkliflər Bərdədə səhiyyə, ictimai nəqliyyat və yol infrastrukturu sahələrində həllini gözləyən məsələləri bir daha gündəmə gətirib.