F-35C qırıcıları “Gerald R. Ford” sinfinə məxsus aviadaşıyıcıdan ilk dəfə katapultla havaya qalxıb və eniş edib


ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F-35C “Lightning II” göyərtə qırıcıları “John F. Kennedy” (CVN 79) aviadaşıyıcısında ilk havayaqalxma və eniş sınaqlarını tamamlayıb.
Ordu.az xəbər verir ki, F-35C “Lightning II” göyərtə qırıcıları “Gerald R. Ford” sinfinə məxsus “John F. Kennedy” (CVN 79) aviadaşıyıcısında ilk havayaqalxma və eniş sınaqlarını tamamlayıb.
11 gün davam edən sınaqlar ərzində iki təyyarə 34 uçuş həyata keçirib, 122 dəfə katapultla havaya qalxıb və 122 dəfə tros vasitəsilə dayandırılaraq göyərtəyə eniş edib.
Dənizdə keçirilən sınaqlardan əvvəl 2024-cü ilin yanvarından 2025-ci ilin mayınadək quruda yoxlamalar aparılıb. Aviadaşıyıcıda keçirilən sınaqlar zamanı havayaqalxma və eniş sistemlərinin proqram təminatı və aparat hissələri, eləcə də qırıcıya təsir edən konstruktiv yüklərlə bağlı analitik modellər qiymətləndirilib.
“Bu, F-35C, “Kennedy” və ABŞ Hərbi Dəniz Qüvvələri üçün mühüm hadisədir. Təyyarə ilk dəfə “Gerald R. Ford” sinfinə məxsus aviadaşıyıcının uçuş göyərtəsindən havayaqalxma və eniş əməliyyatlarını nümayiş etdirib. Bu, beşinci nəsil qırıcı imkanlarının dünyanın ən qabaqcıl aviadaşıyıcı texnologiyası ilə inteqrasiyasını irəli aparır”, - deyə “Lockheed Martin” şirkətinin F-35 proqramının inkişafı üzrə vitse-prezidenti Şon Cekson bildirib.
Toplanmış məlumatlardan bu sinfə məxsus aviadaşıyıcılar üçün havayaqalxma və eniş qaydalarını hazırlamaq məqsədilə istifadə olunacaq. Sınaq heyəti, həmçinin F-35C Block 4 proqram təminatının sabitliyini və yeni aviadaşıyıcıda təyyarəyə texniki xidmət göstərilməsinin imkanlarını qiymətləndirib.
“Gerald R. Ford” sinfinə məxsus aviadaşıyıcılar nüvə enerjisi ilə işləyən və “Nimitz” sinfinə məxsus gəmiləri mərhələli şəkildə əvəz etmək üçün hazırlanmış aviadaşıyıcılardır. Onların suya yerdəyişməsi təxminən 100 min ton, uzunluğu isə 330 metrdən çoxdur. Gəmilər iki nüvə reaktoru ilə işləyən enerji qurğusu ilə təchiz edilib.
Əvvəlki siniflərdə istifadə edilən buxar katapultları və hidravlik eniş sistemləri əvəzinə yeni aviadaşıyıcılarda Elektromaqnit Təyyarə Havayaqalxma Sistemi (EMALS) və Təkmilləşdirilmiş Dayandırma Sistemi (AAG) tətbiq olunur. EMALS təyyarələrin daha hamar və dəqiq idarə olunan şəkildə havaya qalxmasını təmin edir. AAG isə daha geniş şəraitdə təyyarələrin göyərtəyə enməsinə imkan verir.
Yeni aviadaşıyıcılar daha kiçik adaüstü quruluşa da malikdir. Bu quruluş “Nimitz” sinfinə məxsus gəmilərlə müqayisədə təxminən 43 metr daha arxada yerləşdirilib.
Yenidən layihələndirilmiş uçuş göyərtəsi və adaüstü quruluşun mövqeyi hava axınlarını, mühərrik qazlarının yayılmasını və uçuş göyərtəsində əməliyyatların təşkilini dəyişdirib. Buna görə də gələcək göyərtə aviasiyası təyyarələri üçün yeni uçuş sınaqlarının keçirilməsi tələb olunur.
“John F. Kennedy” 2026-cı ilin fevralında inşaatçının dəniz sınaqlarını tamamlayıb. Aviadaşıyıcının dənizə ilk çıxışı zamanı gəmiqayırma zavodunun əməkdaşları və hərbi qulluqçular onun əsas sistemlərini və komponentlərini yoxlayıblar.
Avqustun 15-də aviadaşıyıcı Atlantik okeanında dörd gün davam edən səfərdən sonra qəbul sınaqlarını başa çatdırıb. Bu mərhələdə gəminin müqavilə tələblərinə uyğunluğu və heyətin dənizdə fəaliyyətə hazırlığı qiymətləndirilib.
Sentyabrın 29-da ABŞ Hərbi Dəniz Qüvvələri “Kennedy” aviadaşıyıcısının ilkin qəbulunu həyata keçirib. Həmin vaxt gəmi təxminən 99 faiz hazır vəziyyətdə olub. Bu, gəmiqayırma zavodu qalan işləri tamamlayarkən heyətə dəniz sınaqları və təlimlər keçirməyə imkan verib. Aviadaşıyıcının Hərbi Dəniz Qüvvələrinə rəsmi təhvilinin 2027-ci ilin yazında həyata keçirilməsi planlaşdırılır.
Sevinc Əliyeva Ordu.az
Report+3 mənbə