Əyyub Quliyev: Beynəlxalq musiqi platformasında Azərbaycanı təmsil etmək qürurverici idi


Bakı, 18 noyabr, AZƏRTAC
İtaliyanın Apuliya regionunun Molfetta və Bişelye şəhərlərində keçirilən “Mediterranean International Conducting Competition 2026” – Aralıq dənizi Beynəlxalq Dirijorluq Müsabiqəsi musiqi ictimaiyyətinin böyük marağına səbəb olub. Belə nüfuzlu bir platformada Azərbaycanı təmsil etmək mənim üçün həm böyük məsuliyyət, həm də qürurverici hadisə oldu. Tədbir müxtəlif ölkələrin musiqi xadimləri ilə fikir və təcrübə mübadiləsi aparmaq baxımından xüsusi önəm daşıyırdı.
Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist Əyyub Quliyev deyib.
O qeyd edib ki, münsiflər heyətinin tərkibində dünya musiqi aləmində tanınmış, müxtəlif vəzifələrdə çalışan peşəkarların yer alması müsabiqənin yüksək səviyyəsini və əhəmiyyətini bir daha nümayiş etdirib. Azərbaycanı belə bir arenada təmsil etməkdən məmnunluğunu ifadə edən dirijor yarışma zamanı ölkəmizə göstərilən diqqət və marağın onda unudulmaz təəssürat yaratdığını vurğulayıb: “Orada çox səmimi və xoş münasibətlə qarşılandım. Mənim üçün ən əlamətdar məqamlardan biri də münsiflər heyəti üzvlərinin Azərbaycan haqqında söylədikləri dəyərli fikirlər oldu. Onlar ölkəmizin mədəniyyəti və incəsənəti, son illərdə Azərbaycanda həyata keçirilən yeniliklər və inkişaf prosesləri barədə məlumatlı olduqlarını bildirdilər. Bu sözləri eşitmək, Vətənimizin adını qlobal musiqi müstəvisində təmsil etmək mənim üçün çox xoş idi”, – deyə Əyyub Quliyev bildirib.
Dirijor layihənin gələcək perspektivlərinə də toxunaraq, təşkilatçılarla artıq ilkin müzakirələrin aparıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, növbəti ildə İtaliyada ustad dərslərinin keçirilməsi ilə bağlı ona təklif irəli sürülüb: “İnanıram ki, bu müsabiqənin gələcəyi çox uğurlu və parlaq olacaq. Artıq təşkilatçılarla gələcək əməkdaşlıq imkanları barədə danışmışıq. Onlar gələn il İtaliyada ustad dərsləri keçirməyimlə bağlı təklif irəli sürüblər. Bu, mənim üçün olduqca maraqlı və mühüm təşəbbüsdür. Düşünürəm ki, belə layihələr həm peşəkar təcrübənin bölüşdürülməsi, həm də Azərbaycan dirijorluq məktəbinin dünyada tanıdılması baxımından böyük əhəmiyyət daşıyır. Bu təklifi yaxın vaxtlarda təşkilatçılarla daha ətraflı müzakirə edəcəyik”, – deyə Əməkdar artist vurğulayıb.
1 mənbə
