Evlərdə qaz plitələri yığışdırılır: Elektriklə yemək bişirmək neçəyə başa gələcək?


2174 18.11.2026 21:23 Ölkə A A
Azərbaycanda qazdan istifadənin azaldılması və elektrik enerjisinə keçid məsələsi son vaxtlar müzakirə olunan mövzulardandır. Xüsusilə enerji resurslarından daha səmərəli istifadə, qaz ehtiyatlarının qorunması və alternativ enerji mənbələrinin genişləndirilməsi fonunda məişətdə elektrik enerjisinin rolunun artırılması məsələsi aktuallaşır. Bəs qazla işləyən istilik və məişət avadanlıqlarının elektrik sistemləri ilə əvəzlənməsi nə dərəcədə realdır? Bu keçid vətəndaşlar üçün əlavə xərc yaradacaqmı, mövcud elektrik infrastrukturu artan tələbatı qarşılamağa hazırdırmı?
Kommunal sahə üzrə ekspert Əhməd Rəhmanov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: "Hazırda qazdan istifadənin azaldılması və elektrik enerjisinə keçid məsələsi müzakirə olunur. Ancaq sual yaranır, elektrik yarımstansiyaları və mövcud elektrik şəbəkəsi belə bir keçidə hazırdırmı? Mən hesab edirəm ki, hazır deyil. Bu gün evdə bir kondisioner işlətdikdə, ikinci kondisioneri də qoşduqda artıq şəbəkədə müəyyən problemlər yaranır. Təsəvvür edin ki, hər qonşu bir-iki kondisioner işlədir və nəticədə yarımstansiyalarda yüklənmə yaranır. Belə olan halda, sabah istilik təminatında qazdan imtina edib elektrik enerjisinə keçsək, vəziyyət necə olacaq? Çünki elektriklə işləyən hər bir qızdırıcı cihaz qazla işləyən avadanlıqdan daha çox enerji sərf edir. Deməli, mövcud elektrik şəbəkəsi də bu yükü daşımağa hazır deyil".
Dünya ölkələri vətəndaş zərər görmədən qazdan elektrikə necə keçir?
Dünyanın bir sıra ölkələrində məişətdə təbii qazdan asılılığın azaldılması və elektrik enerjisi ilə isitmə sistemlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Lakin bu keçid birdən-birə həyata keçirilmir. Əsas diqqət elektrik şəbəkəsinin gücləndirilməsinə, enerjiyə qənaət edən texnologiyaların tətbiqinə və vətəndaşların əlavə xərclərdən qorunmasına yönəldilir.
Misal üçün, Norveçdə istilik nasosları və elektriklə isitmə sistemləri geniş yayılıb. Finlandiyada da istilik nasoslarından geniş istifadə olunur. Bu ölkələrdə məqsəd sadəcə qaz kombisini elektrik qızdırıcısı ilə əvəz etmək deyil, daha az elektrik sərf etməklə eyni istiliyi əldə etməkdir.
Norveçdə bir milyondan çox istilik nasosu quraşdırılıb. Finlandiyada isə 2024-cü ilin sonuna bu göstərici təxminən 1,55 milyon olub. Avropa İstilik Nasosları Assosiasiyasının məlumatına görə, Norveçdə hər 1000 ailəyə 632, Finlandiyada isə 524 istilik nasosu düşür.
Bəs vətəndaşlar əlavə xərclərdən necə qorunur? Beynəlxalq təcrübədə bunun üçün bir neçə mexanizm tətbiq edilir: istilik nasoslarının alınmasına dövlət subsidiyaları və güzəştli kreditlər verilir, evlərin istilik izolyasiyası yaxşılaşdırılır, elektrik şəbəkəsi artan tələbat nəzərə alınmaqla gücləndirilir. Bundan başqa, bu sistemlərin quraşdırılması üçün ixtisaslı mütəxəssislər hazırlanır.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, istilik nasosları qaz kombilərindən 3–5 dəfə daha səmərəli işləyə bilir. Lakin elektrik enerjisinin qiyməti qazla müqayisədə yüksəkdirsə, bu qənaət vətəndaşın hesabında eyni dərəcədə hiss olunmaya bilər.
Afaq Mirayiq,Musavat.com
1 mənbə
