Evlər balacalaşır, amma, qiymətlər əl yandırır — Açıqlama


Son illər yeni tikililərdə mənzillərin sahəsinin kiçilməsi diqqət çəkir. Tikinti şirkətləri daha kiçik sahəli mənzillər təklif etsələr də, bu, mənzil qiymətlərinin azalmasına səbəb olmur. Nəticədə alıcılar daha az kvadratmetrə malik mənzillər üçün belə yüksək məbləğ ödəməli olurlar.
Bəs yeni tikililərdə mənzillər kiçilir, qiymətlər isə niyə azalmır? Son illər mənzillərin daha kiçik sahələrlə təklif olunması alıcıların büdcəsinə hesablanmış strategiyadır, yoxsa tikinti şirkətlərinin gəlirliliyini qorumaq üsuludur?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında əmlak eksperti İlkin Məmmədkərimov bildirib ki, yeni tikililərdə mənzillərin sahəsinin kiçilməsi tikinti şirkətlərinin bazardakı mövcud tələbə uyğunlaşmaq cəhdidir.
Onun sözlərinə görə, çünki hazırda mənzil almaq istəyən insanların böyük hissəsi geniş sahəli mənzilləri almaqda çətinlik çəkir:
"Şirkətlər də mənzillərin ümumi satış qiymətini nisbətən əlçatan saxlamaq üçün daha kiçik sahəli mənzillər inşa etməyə üstünlük verirlər. Ancaq burada diqqət çəkən məqam odur ki, mənzilin sahəsi azalsa da, kvadratmetrin qiyməti mütləq şəkildə aşağı düşmür. Bunun əsas səbəblərindən biri tikinti xərclərinin yüksək olmasıdır. Torpağın alınması, tikinti materialları, işçi qüvvəsi, kommunikasiya xətləri və digər xərclər mənzilin maya dəyərinə birbaşa təsir göstərir. Bu xərclər artdıqca tikinti şirkətlərinin qiymətləri aşağı salmaq imkanları da məhdudlaşır. Digər tərəfdən, kiçik mənzillərin satışından əldə olunan ümumi gəlir də şirkətlər üçün sərfəli ola bilər. Çünki eyni binada daha çox sayda mənzil yerləşdirmək və onları ayrı-ayrılıqda satmaq imkanı yaranır. Burada alıcıların da davranışı mühüm rol oynayır. İnsanlar bəzən geniş mənzil almaq imkanına malik olmadıqları üçün daha kiçik sahəli evlərə yönəlirlər. Nəticədə bazarda kiçik mənzillərə tələb formalaşır və bu da tikinti şirkətlərinin həmin istiqamətdə fəaliyyətini artırmasına şərait yaradır. Mənzil sahəsinin kiçilməsi qiymətlərin ucuzlaşması demək deyil. Əksinə, alıcı eyni büdcə ilə daha az kvadratmetr əldə edir. Bu tendensiya davam edərsə, gələcəkdə yeni tikililərdə kiçik mənzillərin payının daha da artacağını müşahidə edə bilərik".
