Estoniya indiyədək ölkədə inşa edilmiş ən böyük hərbi gəmini suya buraxıb


Estoniyada qismən avtonom fəaliyyət göstərə bilən 45 metrlik “Euroguard” gəmi suya buraxılıb və ölkənin Müdafiə Nazirliyi onu Estoniyada indiyədək inşa edilmiş ən böyük hərbi gəmi adlandırıb.
Ordu.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin “X” sosial şəbəkəsindəki paylaşımında “Estoniyada indiyədək inşa edilmiş ən böyük hərbi gəmi suya buraxılıb” deyə bildirilib. “Euroguard” adlanan gəmi Estoniyanın “Baltic Workboats” gəmiqayırma zavodu tərəfindən 10 ölkənin əməkdaşlığı ilə inşa edilib.
Nazirliyin məlumatına görə, gəmi müxtəlif dəniz və hərbi tapşırıqlara uyğunlaşdırıla bilən modul konstruksiyaya və yarıavtonom imkanlara malikdir.
Layihənin ümumi dəyəri təxminən 95 milyon avro təşkil edir. Bu məbləğin 65 milyon avrosu, yəni təxminən 72 milyon dolları Avropa Müdafiə Fondu tərəfindən ayrılıb. Fond Avropa İttifaqının birgə hərbi tədqiqat və inkişaf layihələrini maliyyələşdirən proqramıdır.
Estoniya prezidenti Ülle Madise gəminin xaç anası olub.
Avropa Komissiyasının müdafiə sənayesi üzrə direktoru Fransua Arbo da gəminin suya buraxılması mərasimində iştirak edib və layihənin Avropanın müdafiə sektoru üçün əhəmiyyətindən danışıb.
Rəsmi adı “Avropa məqsədyönlü çoxmissiyalı avtonom dəniz platformasının hazırlanması” olan proqram 2024-cü ilin yanvarında başlayıb. “Baltic Workboats” şirkəti 20-dən çox şirkət və tədqiqat müəssisəsindən ibarət qrupa rəhbərlik edir. İştirakçı hökumətlərin koordinasiyasını isə Estoniyanın Müdafiə İnvestisiyaları Mərkəzi həyata keçirir.
Estoniyadan başqa, layihədə Belçika, Danimarka, Fransa, İtaliya, Polşa, Niderland, Norveç, İspaniya və İsveç iştirak edir.
Gəminin təməli 2025-ci il mayın 27-də Estoniyanın Saaremaa adasındakı Nasva şəhərində yerləşən “Baltic Workboats” gəmiqayırma zavodunda qoyulub. Gəminin gövdəsi 2026-cı ilin mayında, layihənin kritik layihələndirmə baxışından keçdiyi vaxt nümayiş etdirilib. Bu mərhələ sınaqlara keçməzdən əvvəl həyata keçirilən son əsas layihə yoxlamasıdır.
Həmin tədbirdə layihənin koordinatoru Martin Laur sistemin layihələndirmə mərhələsindən əməliyyat reallığına doğru irəlilədiyini bildirib.
“Euroguard” hər hansı bir ölkənin donanması üçün hazır döyüş gəmisi deyil. Bu, sınaq platformasıdır. Layihə tərəfdaşları dəniz sınaqlarının Estoniya Hərbi Dəniz Qüvvələri ilə birlikdə ölkənin ərazi sularında keçiriləcəyini bildiriblər. Layihəyə başlanarkən prototipin 2027-ci ilin sonunadək tamamlanması gözlənilirdi.
Estoniya Müdafiə Nazirliyi gəminin suya buraxılması ilə bağlı açıqlamasında qarşıdakı dəniz sınaqlarının uğurlu keçməsini arzulayıb.
Sevinc Əliyeva Ordu.az
1 mənbə