“Əsl gücümüz daha güclü komandalarla oyunlarda bilinəcək”


Azərbaycan yığması UEFA Millətlər Liqasında D Liqasının 2-ci qrupunu lider bitirdi. Komanda 4 oyunda 8 xal topladı.
Millinin sabiq futbolçusu Rahid Əmirquliyev yığmanın nəticələri ilə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Sevindirici haldır ki, millimiz qrup lideri kimi turniri başa vurdu. Əlbəttə, bu nəticə gözlənilən idi. Düşünürəm ki, 8 yox, daha çox xal yığa bilərdik.
– Rəqiblərlə bağlı ikili fikirlər var. Bir qism zəif komandalarla qarşılaşdığımızı deyir, bir qism isə nəticəni əsas tutur. Siz nə düşünürsünüz? – Komandalar millimizin dişinə görə idi. Fikirləşirdim ki, bu qrupda xal itkisi yaşamayacağıq. Amma olmadı, hər bir halda, nəticə ortadadır və yığma liderdir.
– Millətlər Liqasında rəqiblər bilinəndə proqnozunuz necə idi? Qrup qalibi olacağımızı düşünürdünüz? – Əlbəttə, olmalı olan bu idi. Əvvəldən də proqnoz vermişdim ki, milli bütün oyunları qazanacaq, qrup lideri olacaq.
– Bakıda Lixtenşteynlə, səfərdə Litva ilə xal itkisi gözlənilməz oldu… – Xüsusilə, Lixtenşteynlə oyunda xal itkisini heç gözləmirdim. Çünki rəqibin səviyyəsi, bizimlə müqayisədə şəraiti ortadadır. Fikirləşirdim ki, milli tək bu oyunu deyil, bütün matçlarını qazanacaq.
– Son oyunlara baxanda yığmanın potensialı haqqında hansı fikirləriniz var? – Bunu gələcək göstərəcək. Doğrusu, bu rəqiblər güclü deyildi. Ona görə potensial və perspektiv haqqında nəsə demək olmur. Əsl gücümüz daha güclü komandalarla oyunlarda bilinəcək.
Şahin Cəfərov
